Dünyanın ən bədbəxt ölkələri: 2025 siyahısı açıqlandı
Dünya
2025-ci ilin məlumatlarına görə bəzi ölkələrdə həyat şəraiti kəskin şəkildə pisləşib və xoşbəxtlik səviyyəsi dünya miqyasında minimuma enib. Silahlı münaqişələr, iqtisadi böhranlar, siyasi qeyri-sabitlik və zəif səhiyyə sistemi bir çox ölkədə gündəlik həyatı çətinləşdirib.
News24.az xəbər verir ki, müxtəlif beynəlxalq hesabatlara əsasən, bir çox ölkədə əhali artıq ən vacib ehtiyaclarını belə çətinliklə təmin edir. İşsizlik, inflyasiya, korrupsiya və təhlükəsizlik problemləri insanların həyat keyfiyyətini ciddi şəkildə aşağı salıb.
Siyahının sonunda yer alan Əfqanıstan illərdir davam edən müharibələr, iqtisadi çöküş və sosial dəstək mexanizmlərinin olmaması səbəbindən ən aşağı yaşam səviyyəsinə malik ölkə kimi qiymətləndirilib.
Syerra-Leoneddə yoxsulluq, zəif infrastruktur və məhdud tibbi xidmətlər əsas problemlərdir. Siyasi qarışıqlıq və korrupsiya hökumətə etimadı azaldaraq insanların həyatını daha da çətinləşdirir.
Lübnanda isə siyasi böhran və dərin iqtisadi çöküş hiperinflyasiyaya səbəb olub. Əhalinin böyük hissəsi ağır yoxsulluq və qeyri-müəyyənlik içində yaşayır.
Dünyanın ən kasıb ölkələrindən biri olan Malavidə aşağı gəlirli kənd təsərrüfatı həyatı, zəif səhiyyə sistemi və geniş yayılmış korrupsiya insanların həyatına mənfi təsir göstərir.
Zimbabvedə siyasi qeyri-sabitlik və yüksək inflyasiya həyat səviyyəsini aşağı salıb, kütləvi miqrasiya isə ciddi nəticələrdən biridir.
Botsvana Respublikasında iqtisadi artıma baxmayaraq, işsizlik və gəlir bərabərsizliyi xoşbəxtlik səviyyəsini aşağı salır. Səhiyyə xidmətlərinə çıxışda çətinliklər hələ də davam edir.