Etirazlar silahlı münaqişəyə çevrilir – İranda vəziyyət nəzarətdən çıxır

Etirazlar silahlı münaqişəyə çevrilir – İranda vəziyyət nəzarətdən çıxır Dünya

İranda təhlükəsizlik qüvvələri etirazçılara qarşı ağır silahlardan istifadə etməyə başlayıb.

News24.az xəbər verir ki, ölkənin Marvdaşt şəhərində etirazçılara məktəb və bank binalarının damlarından pulemyotlarla atəş açılıb. İran mediasının məlumatına görə, hadisələr zamanı ölənlər var.

Məlumata görə, aksiyalar və iğtişaşlar artıq azı 18 vilayəti əhatə edib. Atışmalar Fars, Luristan, Çaharmaxal və Bəxtiyari vilayətlərində qeydə alınıb.

Azna şəhərində etirazçılar polis bölməsinə hücum ediblər. Hadisə nəticəsində üç nəfər ölüb, 17 nəfər yaralanıb.

Hazırda müqavimət ocaqları əsasən kiçik şəhərlərdə müşahidə olunsa da, ölkə üzrə gərginlik getdikcə artır. Etirazlar dekabrın 28-də Tehranda milli valyuta – rialın kəskin ucuzlaşması və inflyasiyanın 52 faizə çatması fonunda başlayıb.

“Reuters” agentliyinin qiymətləndirməsinə görə, hazırkı etirazlar 2022-ci ildə əxlaq polisi tərəfindən 22 yaşlı Məhsa Əmininin öldürülməsindən sonra başlayan aksiyalardan sonra İranda son üç ilin ən kütləvi etirazlarıdır.