Mərakeş kömürdən tamamilə imtina etməyə hazırlaşır

Mərakeş kömürdən tamamilə imtina etməyə hazırlaşır Dünya

Mərakeş hökuməti təbiətə vurduğu zərəri nəzərə alaraq kömürdən istifadəni tamamilə dayandırmaq qərarına gəlib. Ölkə beynəlxalq iqlim maliyyə dəstəyi təmin olunarsa, 2040-cı ilə qədər kömür enerjisindən istifadəni tamamilə dayandırmağı planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə “Kömür Sonrası Gücləndirmə İttifaqı” (Powering Past Coal Alliance – PPCA) məlumat yayıb. Bildirilir ki, Fas enerji keçidini sürətləndirmək və ekoloji tarazlığı qorumaq məqsədilə bu öhdəliyi götürüb. Ölkə 2023-cü ildə PPCA-ya qoşulub, hazırda ittifaqda təxminən 60 dövlət iştirak edir.

Rəsmi məlumatlara görə, 2024-cü ildə kömür elektrik istehsalında 59,3 faiz paya sahibdir, halbuki bu göstərici 2022-ci ildə 70 faiz idi. Hökumət yaxın illərdə elektrik istehsalının 52 faizini bərpa olunan mənbələrdən əldə etməyi hədəfləyir. Hazırda bu göstərici 45 faiz səviyyəsindədir.

Fasın enerji naziri bildirib ki, ölkə yeni kömür elektrik stansiyalarının tikintisini dayandırıb və mərhələli şəkildə bu yanacaq növünü istifadədən çıxaracaq.

Xeyrənsə Piriyeva