İran səfirliyi aksiyalarda dəyən zərər barədə məlumat yaydı

İran səfirliyi aksiyalarda dəyən zərər barədə məlumat yaydı Dünya

İranda etirazlar zamanı ölkə üzrə çoxsaylı ictimai iaşə obyektləri, dövlət binaları və polis məntəqələri yandırılaraq tamamilə yararsız hala salınıb.

News24.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, vətəndaşlara məxsus mülklər və mənzillər hədəf alınıb, bəzi şəhərlərdə 200-ə yaxın ticarət obyekti yandırılıb. Mağazalarını bağlamaqdan imtina edən sahibkarlar isə fiziki zorakılıq ilə hədələniblər.

53 yanğınsöndürən və 180 təcili tibbi yardım avtomobili məhv edilib. Təkcə paytaxtda 26 bank filialı və 25 məscid vandalizmə məruz qalıb, ölkə üzrə isə ümumilikdə 53 məscid yandırılıb.

Məlumatda yaralı şəxslərin qətlə yetirildiyi, bəzi hallarda yaralılara yaxın məsafədən atəş açıldığı bildirilib. Həmçinin silahlı qruplardan 1300-dən çox odlu silah və hərbi sursatın müsadirə edildiyi qeyd olunub.

Açıqlamada İranın dinc etiraz hüququnu tanıdığı, eyni zamanda vətəndaşların təhlükəsizliyinin, ictimai mülkiyyətin və milli asayişin qorunmasına sadiq olduğu vurğulanıb.

Qanunvericiliyə uyğun olaraq iğtişaşçı və terrorçu ünsürlərə qarşı qəti tədbirlərin görüləcəyi bildirilib. (Teleqraf)