Kadırov həmin məlumatları təkzib etdi
Dünya
Çeçenistan rəhbəri Ramzan Kadırov respublikada ərzaq qıtlığının yaranacağı ilə bağlı yayılan məlumatları təkzib edib.
News24.az xəbər verir ki, bu barədə Kadırov teleqram kanalında məlumat paylaşıb. O, açıqlamada bildirib ki, müxtəlif onlayn platformalarda Çeçenistanda ərzaq və digər zəruri malların çatışmazlığı barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
"Müxtəlif onlayn platformalar Çeçenistan Respublikasında ərzaq və zəruri malların qıtlığı ilə bağlı narahatlıq doğuran şayiələr yaymağa başlayıb. Bu məlumat kiminsə təxəyyülünün məhsuludur və tamamilə yalandır", – deyə o vurğulayıb.
Çeçenistan liderinin sözlərinə görə, respublikada kifayət qədər ərzaq və əsas istehlak malları ehtiyatı mövcuddur. O qeyd edib ki, kənd təsərrüfatı, fermer təsərrüfatları və emal müəssisələri normal fəaliyyətini davam etdirir.
Kadırov əlavə edib ki, 2026-cı ildə Çeçenistanda ümumi taxıl istehsalının 500 min tonu keçəcəyi gözlənilir.
Xatırladaq ki, Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut iyulun 17-də ölkədə məhsul yığımının aktiv şəkildə davam etdiyini və indiyədək 21 milyon tondan çox taxıl toplandığını açıqlamışdı.