Kraliça 93 yaşında öldü, 1 illik matəm elan edildi

Kraliça 93 yaşında öldü, 1 illik matəm elan edildi Dünya

Tailandın sabiq kraliçası, hazırkı kral Vajiralonqkornun anası və ölkənin ən uzun müddət taxtda qalmış monarxının həyat yoldaşı Sirikit 93 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Kraliça Sirikit 66 illik evliliyi dövründə kral Bhumibol Adulyadej ilə birlikdə həm zərif üslub sahibi, həm də xalqına qayğıkeş ana fiquru kimi tanınıb. Bəzi Qərb nəşrləri onu jurnalların üz qabığında təqdim edib və ABŞ-nin sabiq birinci xanımı Ceki Kennedi ilə müqayisə ediblər.

Sarayın məlumatına görə, Sirikit 2019-cu ildən xəstəxanada müalicə olunub və bu müddət ərzində onda bir neçə xəstəlik açkarlanıb. Bu ay isə onda qana infeksiya düşməsi müşahidə olunub.

“Möhtərəm kraliçanın vəziyyəti cümə gününə qədər pisləşirdi və o, 93 yaşında Çulalonqkorn xəstəxanasında vəfat etdi", – deyə sarayın bəyanatında bildirilib.

Kral Vajiralonqkorn kral ailəsinin üzvləri üçün bir illik matəm elan edib.

Sarayın məlumatına görə, sabiq kraliça Sirikitin cənazəsi paytaxt Banqkokda yerləşən Böyük Sarayın Dusit Tron zalında təntənəli şəkildə torpağa tapşırılacaq.