Müharibə simvoluna çevrilən qadın vətənə qayıtdı
Dünya
Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevral 2022-ci ildə Anadolu Agentliyinin (AA) fotomüxbiri Volfqanq Şvan tərəfindən çəkilən və müharibənin simvolik simasına çevrilən Olena Kurilo Rusiyanın hücumu zamanı yaralandığı Xarkova qayıdıb.
News24.az xəbər verir ki, Kurilo, müharibənin ilk günlərində beynəlxalq mətbuatın manşetlərində yer alan şəklini çəkən AA müxbiri ilə Çuhuiv rayonunda eyni yerdə görüşüb.
Olena Kurilo AA müxbirinə yaralandıqdan sonra həyatı, müharibə və müharibənin ikinci ilində beynəlxalq ictimaiyyətin dəstəyi haqqında danışıb.
Rusiyanın hava hücumu zamanı yaşadığı binaya raket düşməsi nəticəsində yaralanan Kurilo, şərtlər nə olursa olsun, xaricdə qalmaq istəmədiyini bildirib və Ukraynaya qayıtmaq qərarına gəlib.
"Əgər xəsarət almasaydım, heç vaxt ölkəmi tərk etməzdim", - Kurilo deyib. O qeyd edib ki, müalicəsi başa çatan kimi dərhal evə dönüş bileti alıb.
Polşada və İngiltərənin paytaxtı Londonda göz əməliyyatı keçirdiyini bildirən Kurilo buna baxmayaraq sağ gözünün görmə qabiliyyətinin getdikcə azaldığını bildirib.
Ukraynanın Donetsk vilayətinin Avdiyivka şəhərindən qoşun çıxarmaq qərarını düzgün hesab etdiyini bildirən Kurilo, hazırda müdafiə vəziyyətində olduqlarını, lakin nə olursa olsun mütləq qalib gələcəklərini əlavə edib.
ABŞ-ın yardımı ilə bağlı Kurilo, "ABŞ-dan kömək almağı səbirsizliklə gözləyirdik, amma təəssüf ki, olmadı. Avropa bizim tərəfimizdədir. Ümid edirik ki, sağlam düşüncə qalib gələcək və bizə silah veriləcək" dedi.
Günel Məlikzadə