Niderlanddan sərt qərar: artıq Yeni il belə qeyd olunacaq
Dünya
Niderlandda Yeni il gecələrində artıq fişənglər olmayacaq.
News24.az xəbər verir ki, qadağa yanğınlar və kütləvi iğtişaşlarla əlaqədar tətbiq ediləcək. Hakimiyyət üçün bu Yeni il gecəsi səbr kasasını daşıran son damla olub.
Yanvarın 1-nə keçən gecə Amsterdamda tarixi neo-qotik üslubda inşa edilən Vondelkerk kilsəsi tamamilə yanıb. Bildirilir ki, binanın bərpası mümkün olmayacaq.
Ölkə üzrə iğtişaşlar, polis və yanğınsöndürənlərə hücum halları qeydə alınıb. Yanğın törətmək və pirotexniki vasitələrdən qanunsuz istifadə ittihamı ilə təxminən 250 nəfər saxlanılıb. Yeni il gecəsi ölkənin müxtəlif bölgələrində bir neçə nəfərin öldüyü bildirilir.
Bundan başqa, Avropanın digər ölkələrində də mənzərə kəskin fərqlənməyib. Belə ki, Almaniyada da vəziyyət oxşar olub. Berlində bayram gecəsi iğtişaşlar və polisə hücumlarla əlaqədar 400-dən çox insan saxlanılıb.
Ənənəvi olaraq Almaniya paytaxtının küçələri Yeni il gecəsi xaos məkanına çevrilir.
Fransada isə Yeni il gecəsi ərzində 813 avtomobil yandırılıb. Ən azı iki nəfər, o cümlədən 12 yaşlı uşaq fişənglərin partlaması nəticəsində barmaqlarını itirib.