"Nüvə silahına can atmırıq, yoxlamalara hazırıq"
Dünya
İran prezidenti Məsud Pezeşkian Tehranın nüvə silahı əldə etmək planlarının olmadığını təsdiqləmək üçün nüvə proqramının yoxlanılmasına hazır olduqlarını bəyan edib.
News24.az xəbər verir ki, o, bu fikirləri İslam İnqilabının 47-ci ildönümü münasibətilə çıxışı zamanı səsləndirib.
“Biz həm dünya, həm də öz xalqımız qarşısında səmimiyik. Nüvə silahına can atmırıq, bunu dəfələrlə demişik. İstənilən növ yoxlamaya hazırıq”, - deyə Pezeşkian bildirib.
Onun sözlərinə görə, ABŞ və Avropanın öz bəyanatlarına qarşı qurduqları yüksək etimadsızlıq divarı İranın nüvə proqramı ilə bağlı dialoqun nəticə verməsinə mane olur.
“Bununla belə, regionda sülh və sabitlik naminə qonşu ölkələrlə aktiv dialoq aparırıq. Regionun problemlərini yalnız burada yaşayanlar həll edə bilər, uzaqdan gələn yad qüvvələr yox”, - deyə İran prezidenti əlavə edib.