Paşinyanı devirmək istədilər - Saxlanılanlar var - VİDEO

Paşinyanı devirmək istədilər - Saxlanılanlar var - VİDEO Dünya

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) hökumət binalarını partlatmağa və ələ keçirməyə hazırlaşan cinayətkar dəstəni zərərsizləşdirib.

News24.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nin mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq və konstitusiya quruluşunun mühafizəsi və terrorizmə qarşı mübarizə idarələri əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində qrup daxilində qabaqcadan razılaşdırılaraq terrorçuluğa hazırlıq faktı aşkar edilib. 

Məlumata görə, saxlanılan şəxslər hakimiyyət dəyişikliyinə nail olmaq üçün terror planlaşdırırmışlar.

“İbtidai istintaq zamanı aparılmış sübut və digər prosessual hərəkətlər nəticəsində müəyyən edilib ki, 2023-cü il ərzində terror aktlarının hazırlanmasında beş şəxs (A. M., S. M., E. Ts., V. V. və K. S.) və bir neçə hələlik naməlum şəxs iştirak edib”, - məlumatda deyilir.

Bildirilir ki, qrup üzvləri partlayış və digər ictimai təhlükəli əməllər törətməyə, habelə dövlət orqanlarının işini pozmaq məqsədi ilə Ermənistanın dövlət əhəmiyyətli və digər tikililərini ələ keçirməyi planlaşdırıblar.

Cinayət prosesi çərçivəsində əldə edilmiş kifayət qədər faktiki məlumatlar əsasında cinayətkar qrupun 5 üzvü barəsində Ermənistan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ictimai cinayət işi başlanıb, ittihamlar irəli sürülüb.

Eyni zamanda, cinayətkar dəstə üzvlərinin yaşadığı ünvanlarda, onlara bitişik tikililərdə, ayrı-ayrı görüş yerlərində axtarışlar aparılıb. Nəticədə odlu silah, döyüş sursatı, partlayıcı qurğular, raket qurğusu, stasionar qaz balonları, deşici alətlər, zirehli və hərbi geyimlər, əl qandalları, telekommunikasiya vasitələri, videomüşahidə cihazları, kompüterlər, mobil telefonlar, elektron disklər, telefon kartları, günəş batareyası, müxtəlif qeydlər olan noutbuklar, terror hücumunun həyata keçirilməsinə hazırlığa dair açıq və gizli qeydlər olan sənədlər aşkarlanıb.

Akqabay