Paşinyandan etiraf: "Erməni konyakı ola bilməz"
Dünya
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsində “konyak” adı altında içki istehsal edilə bilməz, çünki yerli şirkətlərin bu addan istifadə etməyə hüququ yoxdur.
News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan konyakın yalnız Fransanın Konyak bölgəsində yetişdirilən üzümdən istehsal oluna biləcəyini bildirib.
“Eyni vəziyyət “şampan” içkisinə də aiddir. Ermənistanda şampan ola bilməz, çünki şampan yalnız Fransanın Şampan bölgəsində yetişdirilən üzümdən hazırlanır”, – deyə Paşinyan onu milli köklərdən uzaqlaşmaqda ittiham edənlərə cavab verib.
Baş nazirin sözlərinə görə, nüfuzlu beynəlxalq şirkətlərin nümayəndələri Ermənistanda onların məhsullarının saxtalaşdırılması ilə bağlı ona şikayətlər ediblər.
“2018-ci ildən bəri deyirəm ki, belə davam edə bilməz. Hökumət iclaslarında da qeyd etmişəm ki, düşüncə tərzimizi dəyişməliyik. Ermənistanda konyak istehsal oluna bilməz, eynilə Dilican şəhərində də "Cermuk" adlı su istehsal edilə bilməz”, – deyə Nikol Paşinyan vurğulayıb.