PSJ-nin qələbəsi Fransanı qarışdırdı - 780 nəfər saxlanıldı
Dünya
PSJ-nin UEFA Çempionlar Liqasının finalında “Arsenal” üzərində qələbəsindən sonra Fransanın paytaxtı Parisdə və digər şəhərlərdə kütləvi iğtişaşlar baş verib.
News24.az xəbər verir ki, bu barədə beynəlxalq “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, qələbə sevincindən sonra küçələrə axışan kütlənin arasında bəzi radikal qruplar asayişi pozmağa başlayıblar.
Paris və ətraf şəhərlərdə xüsusi təyinatlı polis qüvvələri barrikadaların qurulması, avtomobillərin yandırılması, mağaza vitrinlərinin sındırılması və ticarət obyektlərinə ziyan vurulması hallarının qarşısını almaq üçün hərəkətə keçib. Təhlükəsizlik qüvvələri azarkeşləri dağıtmaq məqsədilə gözyaşardıcı qaz və xüsusi vasitələrdən istifadə edib. Küçələrdə polislərə qarşı fişəng və müxtəlif küt əşyalar atan qruplarla asayiş keşikçiləri arasında ciddi qarşıdurmalar qeydə alınıb.
Qeyd edilir ki, Fransa hökuməti final matçından əvvəl mümkün iğtişaş riskini nəzərə alaraq genişmiqyaslı təhlükəsizlik planı tətbiq etmişdi. Ölkə miqyasında, xüsusən də Paris və ətraf bölgələrdə təxminən 22 min polis və təhlükəsizlik əməkdaşı səfərbər olunmuşdu. Lakin bu cür genişmiqyaslı tədbirlərə baxmayaraq, bəzi qruplar nəzarətdən çıxaraq mağazaları qarət etməyə, nəqliyyat vasitələrini yandırmağa və hətta polis bölmələrinə daxil olmağa cəhd göstəriblər.
Hadisələr nəticəsində 780 şəxsin saxlanıldığı, həmçinin 57 polis əməkdaşının xəsarət aldığı bildirilir. // Qafqazinfo