Qəzzaya qayıdan fələstinlilər evlərində nə ilə qarşılaşdı? - Fotolar
Dünya
İki ilə yaxın davam edən dağıntı və qətliamdan sonra fələstinlilər nəhayət Qəzzaya geri dönməyə başlayıblar. Müharibənin viran qoyduğu şəhərə ayaq basan insanlar, dağıntılar arasında yaşamağa çalışır, ocaqlarını yenidən yandırırlar.
News24.az xəbər verir ki, İsrailin dayanmayan hərbi əməliyyatlarından sonra şəhərə qayıdan fələstinlilər gördükləri mənzərələri bölüşüblər. Bəziləri dağılmış binaların arasında köhnə sobalarını yandırıb, bəziləri isə yalnız divarların qalıqları ilə qarşılaşıblar.
Qəzza zolağına qayıdan fələstinlilərin bəziləri çiyinlərində çantalarla, bəziləri yük maşınları və ya köhnə avtomobillərlə yola çıxıblar. Geri qayıdan fələstinlilərdən yalnız az bir hissəsi evlərini salamat vəziyyətdə tapa bilib. Bir çoxunun yaşadığı binaların yalnız qalıqları belə qalmayıb.
Hazırda bölgədə atəşkəs qüvvəyə minib. İsrail tankları isə geri çəkildikləri "sarı xətt" boyunca mövqe tutaraq Qəzzanı nəzarətdə saxlayır.
Qəzza sakini Bilal Əbu Madin dağıdılmış Əl-Rəşid yolundan keçən yüz minlərlə insanı izləyib. O, yaşadığı hissləri belə ifadə edib:
"İnsanların geri qayıtdığını görmək inanılmazdır. Başımıza gələnlərdən sonra bunun gerçək olub-olmadığını düşünürəm. Şimala heç vaxt qayıda bilməyəcəyimizdən qorxurduq. Amma görünür, müharibənin sonuna çatmışıq".
Xeyrənsə Piriyeva