Təl-Əvivin ən böyük sığınacağından görüntülər - Fotolar
Dünya
Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Təl-Əvivdə gündəlik həyat, demək olar ki, dayanıb.
News24.az xəbər verir ki, NTV-nin çəkiliş qrupu şəhərdə yerləşən ən böyük sığınacağı görüntüləyib.
Məlumata görə, paytaxtda yerləşən böyük qapalı dayanacaq hava hücumlarından qorunmaq üçün sığınacağa çevrilib. Siren səsləri eşidilən kimi sakinlər bu məkana axışır və təhlükə sovuşana qədər burada qalırlar.
Çəkilişlər zamanı məlum olub ki, bəzi sakinlər davamlı hücum təhlükəsi səbəbindən artıq sığınacaqlarda yaşamağa başlayıblar. Ticarət mərkəzinin altında yerləşən bu bunkerdə yüzlərlə insan müvəqqəti sığınacaq tapıb.
Şəhərdə oxşar sığınacaqların sayı çox olsa da, bu obyekt həm tutumu, həm də yerləşdiyi əraziyə görə ən böyük və ən izdihamlı məkanlardan biri hesab olunur.
İran və İsrail arasında qarşılıqlı hücumlar nəticəsində bölgədə vəziyyət daha da kəskinləşib. Davam edən raket zərbələri səbəbindən İsrail şəhərlərində təhlükəsizlik tədbirləri maksimum səviyyəyə qaldırılıb.
Mütəmadi siren səsləri və hava hücumu təhlükəsi əhalini tez-tez sığınacaqlara üz tutmağa məcbur edir. Bu vəziyyət isə şəhər həyatına ciddi təsir göstərərək, normal fəaliyyəti, demək olar ki, iflic edib. (Qafqazinfo)