Türkiyə və ABŞ liderləri telefonda nəyi müzakirə etdi?

Türkiyə və ABŞ liderləri telefonda nəyi müzakirə etdi? Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan bölgədə davam edən münaqişələr fonunda atəşkəsin müddətinin uzadılmasını müsbət addım kimi qiymətləndirib. O, Suriyada sabitliyin qorunmasının vacibliyini vurğulayaraq, Türkiyənin bu ölkəyə dəstəyinin davam edəcəyini bildirib. Ərdoğan eyni zamanda Livandakı vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının əhəmiyyətinə diqqət çəkib.

Telefon danışığında NATO-nun Ankarada keçiriləcək Zirvə toplantısına hazırlıq məsələsi də müzakirə olunub. Türkiyə lideri Zirvənin uğurla baş tutması üçün bütün imkanların səfərbər edildiyini qeyd edib.

Ərdoğan həmçinin ABŞ-ın San-Dieqo şəhərində məscidə edilən hücumla bağlı Donald Trampa başsağlığı verib. Türkiyə Prezidentinin sözlərinə görə, Ankara dini mənsubiyyətindən asılı olmayaraq bütün nifrət cinayətlərini qətiyyətlə pisləyir.