Ukrayna zülmət içində: 500 min ailə hələ də işıqsızdır
Dünya
Rusiya ordusunun zərbələrindən sonra Dnepropetrovsk və Zaporojye vilayətlərində baş verən tam elektrik kəsintisindən sonra hakimiyyət orqanları elektrik enerjisinin verilişini qismən bərpa edə bilib. Lakin hələ də yüz minlərlə abonent işıqsız qalır.
News24.az xəbər verir ki, DTEK enerji şirkəti “Telegram” kanalında son 24 saat ərzində Dnepropetrovsk vilayətində 350 min evdə elektrik təchizatının bərpa edildiyini açıqlayıb.
Bununla belə, cümə axşamı günorta saatlarına olan məlumata görə, təxminən 500 min ailə hələ də işıqsızdır.
Məlumata əsasən, vilayətin demək olar ki, bütün ərazilərində kritik infrastruktur elektrik enerjisi ilə təmin olunur.
“İstisna Pavloqrad şəhəridir. Burada işlər daimi hava həyəcan siqnalları və hücum təhlükəsi səbəbindən çətinləşir”, – deyə DTEK-dən bildirilib.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vladislav Hayvanenko isə açıqlamasında vilayət mərkəzində yerləşən xəstəxanaların təxminən 80 faizinin elektrik enerjisi aldığını, qalanlarının isə fövqəladə enerji mənbələri hesabına fəaliyyət göstərdiyini qeyd edib.
Bu arada, Ukraynanın ən böyük metallurgiya müəssisələrindən biri olan “Zaporojstal” zavodu elektrik kəsintisi səbəbindən fəaliyyətini dayandırıb. Bu barədə zavoddan verilən rəsmi açıqlamada bildirilib.