Ukraynada azərbaycanlı şəhər meri bıçaqlandı

Ukraynada azərbaycanlı şəhər meri bıçaqlandı Dünya

Dnepropetrovsk vilayətinin Pyatixatki şəhərinin azərbaycanlı meri Hilal İsayev bıçaqlı hücuma məruz qalıb.

News24.az xəbər verir ki, hadisə dünən səhər saat 10:40-da baş verib.

Hücum edən şəxs merə döş qəfəsindən bıçaqla ağır xəsarət yetirib. Hilal İsayev təcili xəstəxanaya yerləşdirilib. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun yerini müəyyənləşdirməyə çalışır. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, hücum edən şəxs yerli fermerdir və hadisədən əvvəl İsayevlə onun arasında mübahisə olub.

Xatırladaq ki, Hilal İsayev Azərbaycan əsillidir. O, Dnepr Dövlət Aqrar-İqtisadi Universitetini bitirib, “Kaspi” adlı özəl kənd təsərrüfatı müəssisəsinə rəhbərlik edib. 2015-ci ildə Batkivşçina partiyasından Dnepropetrovsk Vilayət Şurasının 7-ci çağırış deputatı seçilib. 2019-cu ildə eyni partiyadan Ali Radaya namizəd olsa da, seçilməyib. 2020-ci ildən Pyatixatki şəhərinin meri vəzifəsini tutur.