Uşaqlarının dəyişən həyatlarından danışdı
Dünya
Böyük Britaniya şahzadəsi Harri övladları Arçi və Lilibetin ABŞ-dən köçdükdən sonra ölkədəki yeni həyata uyğunlaşdıqlarını və Britaniya məktəbində təhsil almağın onların özünəinamını əhəmiyyətli dərəcədə artırdığını bildirib.
News24.az xəbər verir ki, Sasseks hersoqu Harri həyat yoldaşı Meqan Markl ilə birlikdə altı il Kaliforniyada yaşadıqdan sonra bu ilin avqustunda Böyük Britaniyaya qayıdıb. Cütlük 2020-ci ildə kral ailəsinin yüksəkvəzifəli üzvləri kimi rəsmi öhdəliklərindən imtina edərək ABŞ-yə köçmüşdü.
Şahzadə Harri ITV telekanalının “This Morning” proqramında gələn il keçiriləcək “Invictus Games” yarışlarından danışarkən övladlarının Britaniyadakı həyatından da söz açıb. “Onlar burada olmağı çox sevirlər. Əslində, geri qayıtdıqlarını deyirəm, amma buradakı həyatı o qədər də xatırlamırlar. Bu, onlar üçün böyük mədəni dəyişiklikdir. Xüsusilə məktəbli forması geyinmək onlar üçün yenilikdir, lakin bunun müsbət təsiri olub”, – deyə şahzadə bildirib.
Harri qeyd edib ki, Britaniya məktəbində təhsil almağa başladıqdan sonra hər iki övladının özünəinamı xeyli artıb. O, zarafatla uşaqlarının Amerika aksentindən uzaqlaşaraq Britaniya aksentinə uyğunlaşmasına həm özünün, həm də məktəbin kömək etdiyini söyləyib.
Məlumata görə, yeddi yaşlı Arçi və beş yaşlı Lilibet sentyabr ayında yeni məktəblərində cəmi iki gün təhsil aldıqdan sonra başqa təhsil müəssisəsinə köçürülüblər. Buna səbəb ailənin yaşadığı evdən məktəbə gedən marşrutla bağlı təhlükəsizlik narahatlıqları olub.