Zəlzələ mütəxəssisindən xəbərdarlıq: Türkiyədə yeni aktiv qırılma xətləri yaranıb

Zəlzələ mütəxəssisindən xəbərdarlıq: Türkiyədə yeni aktiv qırılma xətləri yaranıb Dünya

“Dokuz Eylül Universiteti”nin (DEÜ) Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin direktoru, AFAD Zəlzələ Elm Şurasının üzvü Prof. Dr. Hasan Sözbilir Balıkəsirin Sındırqı rayonunda baş verən zəlzələlərlə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, alim Anadolu Agentliyinə müsahibəsində avqustun 10-da və oktyabrın 27-də bölgədə qeydə alınan 6,1 bal gücündə zəlzələlərdən sonra aparılan elmi araşdırmalar nəticəsində yeni qırılma xətləri müəyyən edilib.

“Yaylacık, Emendere, Aktaş və Sinandede məhəllələri arasındakı dağlıq ərazidə canlı qırılma xəritəsində əvvəllər görünməyən beş-altı yeni qırılma aşkarladıq. Bunlar əvvəllər "ölü qırılma xətləri" kimi tanınırdı, lakin gərginlik istiqamətlərinin dəyişməsi nəticəsində bu zəlzələlər zamanı aktivləşiblər”, – deyə Sözbilir vurğulayıb.

O əlavə edib ki, bu qırılmaların xəritələşdirilməsi prosesi başlayıb: “Bu qırılma xətləri 2013-cü ildə çəkilmiş aktiv qırılma xətləri xəritəsində qeyd olunmayıb. İkinci zəlzələdən sonra əraziyə qayıdaraq dəqiqləşdirmə işlərinə başladıq".