Yevlax-Bərdə-Köçərli xəttinin əsaslı təmiri nəzərdə tutulub - VİDEO
    • 1-04-2019, 10:41
    • 1 102

Yevlax-Bərdə-Köçərli xəttinin əsaslı təmiri nəzərdə tutulub - VİDEO

Yevlaxdan Bərdəyə gedən yolda dəmir yol xəttinin olmasına baxmayaraq, həmin ərazidə heç bir təhlükəsizlik tədbirləri görülməyib. 

Dəmir yol xəttinin keçdiyi ərazidə yaşayan sakinlər hər gün bu yoldan istifadə edir. Sakinlər dəmir yol xəttini keçməklə dayanacaqlara getmək üçün yolun digər tərəfinə keçirlər. Qatarların gündəlik həmin ərazidən keçməsi nəticəsində istənilən vaxt sakinlər xəsarət ala bilər. Amma Azərbaycan Dəmir Yolları bunu nəzərə almayaraq, həmin ərazidə heç bir təhlükəsizlik tədbirləri görməyib.

News24.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yollarının mətbuat xidmətindən bildirilib ki, gələcəkdə Yevlax-Bərdə-Köçərli xəttinin əsaslı təmiri və yenidən qurulması, həmçinin, dəmir yolu xəttinin hasarlanması işləri nəzərdə tutulub. Qurumdan o da əlavə edilib ki, dəmir yoluna yaxın ərazilərdə yaşayış binalarının tikintisi aparılan zaman ərazidə mövcud infrastruktur nəzərə alınaraq vətəndaşların təhlükəsiz hərəkətinin təmin edilməsi (dəmir yolu üzərindən və ya altından piyada keçidlərinin tikilməsi) tikintini aparan qurum tərəfindən həyata keçirilməlidir.

Sevinc YASİNQIZI