Zorgenin Bakıda doğulduğu ev qəzalı vəziyyətdədir - FOTOREPORTAJ

Zorgenin Bakıda doğulduğu ev qəzalı vəziyyətdədir - FOTOREPORTAJ Maraqlı
1895-ci ildə Bakıda dünyaya göz açan Sovet İttifaqı Qəhrəmanı, Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci dünya müharibəsindən əvvəl və dönəmində Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş xəfiyyə Rixard Zorgenin yaşadığı ev qəzalı vəziyyətdədir.

200-ə yaxın yaşı olan ikimərtəbəli yaşayış evi Sabunçu rayonu Qamboy Vəzirov küçəsində yerləşir. 

Çəkiliş üçün icazə alan zaman sakinlər bildirdilər ki, hazırda evin daxilində Rixard Zorgeni xatırladacaq hər hansı əşya yoxdur. Yalnız divara vurulan məlumat lövhəsində onun 1895-1898-ci illərdə burada yaşadığı qeyd edilib. 

Bildirildi ki, evin qəzalı vəziyyətdə olması ilə bağlı məsələ Bakı Şəhər İcra Hakimiyyətinə bildirdi.

Çəkiliş apardığımız zaman evin başqa bir yaşlı sakini isə 70-ci illərdə bu həyətə gəlin köçdüyünü və binanın elə o vaxtlardan da qəzalı vəziyyətdə olduğunu dedi.

Bildirdi ki, dəfələrlə aiddiyyatı orqanlara müraciət etsələr də, dəyişən bir şey yoxdur. Hətta sonuncu müraciətlərinə də müsbət cavab ala bilməyiblər. 

Binanın heç də yaxşı vəziyyətdə olmadığını isə uzaqdan da müşahidə etmək çətin deyildi. Çürümüş taxtalar, çarlamış divar, köhnə pəncərələr və.s

Ötən ilin sentyabr ayında 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyindən binanın qəzalı vəziyyət olması ilə bağlı aktın Nazirlər Kabinetinə təqdim olunduğu və digərləri kimi mərhələli şəkildə söküləcəyi bildirilib. 

Açıqlamanın üzərindən 4 ay keçməsinə baxmayaraq dəyişən heç nə yoxdur. 

Görünür, həmin qurum bu binanı da, orda yaşayan insanları da unudub.


News24.az fotoreportajı təqdim edir:
Teymur Məmmədov