“Sənətə görə 4 övladımı itirmişəm” – BRİLLİANT DADAŞOVA
    • 14-09-2019, 21:14
    • 1 390

“Sənətə görə 4 övladımı itirmişəm” – BRİLLİANT DADAŞOVA

Bu gün ad günüdür. 
Neçə yaşı bitir, bilmirəm. Amma sənətinə, musiqiyə sevgisinin yaşı sonsuzdur.
Elə bu qocaman sənət sevgisi üçün də hər şeyə səbr edib, hər əziyyətə qatlanıb. 
Arzularından, rahatlığından keçib. 
Bu böyük sevgisi də onu cilalayıb səhnəmizin Brilliantına çevirib.


Xalq artisti Brilliant Dadaşovanın News24.az-a müsahibəsini təqdim edirik:

- Necəsiniz, Brilliant xanım?

- Yaxşı olmağa çalışıram, hamı kimi...(gülür)

Niyə çalışırsız? Yaxşı olmalısız...

Arzu yaşından özümü anacanlı hiss etmişəm”

- Nə bilim, həyatdı da yaxşı olmağa çalışıram...

- Özünüzü neçə yaşından xatırlayırsınız? 

- Arzu yaşından. (Bu məqamda balaca Arzu əli ilə “4“ göstərir).
Arzu bacımın nəvəsi, Cəmilin qızıdır. Həmişə demişəm ki, böyük bacılarım belə mənim övladlarımdır. Mən belə hiss edirəm. Çox kiçik yaşımdan da xala olmuşam. Demək olar ki, Arzu yaşından özümü hər zaman anacanlı hiss etmişəm. Deyirdim, mənə “xala” deyin. Bizim ailəmizdə çox uşaqlar olub. Arzunu görəndən anlamışam ki, özüm kimi birisi dünyaya gəlib. Onda öz hərəkətlərimi görürəm... Mən uşaqlarımızın hamısını dəlicəsinə sevirəm, amma Arzuda öz hərəkətlərimi, özümə oxşarlığı çox görürəm. Arzu da mənim kimi tez böyümək, hamıya dərs keçmək, nəyisə öyrətmək istəyir. Çox da musiqi duyumludur.

Uşaqkən istərdim, velosiped sürüm, üzüm, qaçım, damlarda gəzim”

- Belə anladım ki, hər zaman bir qızınızın olmasını istəmisiniz...
- Hə. Qızım olmasını həmişə istəmişəm. Amma vaxt keçdikcə insan elə bir şeylərlə rastlaşır, elə həyat hekayələri eşidir ki, vacib olanı xeyirli övlad, xeyirli bacı, xeyirli qardaş olmasıdır. Fərqi yoxdur, oğlan ya qız olsun. Mənim dostlarımın arasında xanımlar da var, kişi dostlarım da. Düzünü deyim, ümumiyyətlə, balacalıqdan oğlanlarla daha çox oynayaradım. Qızlar xoşuma gəlmirdi. Onlar mənə qorxaq gəlirdilər, yıxılanda ağlayırdılar. Amma mən yıxılanda ağlamazdım. Heç vaxt heç nədən qorxmurdum. Qızlar hasarların üstündə gəzməyə, ağaca çıxmağa cəsarət etməzdilər. Ona görə, mənə oğlanlarla daha maraqlı olardı. Velosiped sürüm, üzüm, qaçım, hasarlara dırmaşım, damlarda gəzim…
- Yəqin ona görə də, estrada səhnəsindəki bir çox cəsarətli addımlar Brilliant Dadaşovanın adı ilə bağlıdır.
- Əlbəttə ki, cəsarət insanın xasiyyətindədir. Mən nəyə görə, Arzu dedim, çünki o da qapını açıb, qaranlıqda tək gedə bilər. Uşaqlara baxıram, anasının, ya da qohum-əqrəbanın yanından ayrılmırlar. Arzu isə qorxmadan hər yerə gedə bilər. Bu uşağı görəndə balacalığım yadıma düşür. Genetik faktorlara çox inanıram. Onlar gec-tez gəlib özünü büruzə verir.

İnsanları sevindirəndə rahatlanıram”

- Brilliant xanım, Cahad artıq böyüyüb. Onun üçün necə ailə həyatı düşünürsüz? Yəni, necə bir gəlin arzusundasınız?
- Təbii ki, bütün balaların, övladların xoşbəxt olmasını arzu edirəm. Beş günlük dünyadır. Ona görə də bir-birimizi dəstəkləməliyik, arxa-dayaq olmalıyıq, sevindirməliyik. Bax yenə Arzudan deyim, mənə mesaj yollayır, deyir ki, "Brilliant, sənin üçün mahnı oxudum, sevinəcəksən". Həmişə insanı sevindirmək istəyir. Mən də hər zaman beləcə insanları sevindirmək istəmişəm. Kimisə sevindirəndə rahatlanıram. Yadımdadır, 17-18 yaşım var idi, qız toylarına, xınayaxdılara gedirdim. Biz bacılar “lotoreya” oynamışdıq. Ən kiçiyi olduğuma görə pulu birinci mənə vermişdilər. Mən baxdım ki, atamın kefi yoxdur. Dedim ki, istəyirsən evi təmir edək? O vaxt 12 min rubl çox böyük pul idi. Həmin pulu gətirib atamın qabağına qoydum. Atam universitetdə müəllim idi. Dəfələrlə demişəm, yenə də demək istəyirəm, atam heç vaxt qoymazdı, bizim evə rüşvət girsin. Rayondan, kənddən nə isə gətirirdilər, atam qapıda onların qiymətini yazıb, hədiyyələrini də geri verib, yollayardı. Deyərdi ki, rayondan gəlib, Bakıda kirayə qalan uşaqların payını heç vaxt övladlarıma yedizdirmərəm. Mən də bu səbəbdən 12 min rublu atama verib onu sevindirmək istədim. O vaxt mağazalarda təmir üçün lazım olan materiallar tapılmazdı. Yadımdadır, əmim bir torba sement üçün icazə alırdı. Hətta əmimi hədələyirdi ki, "səni tuta bilərik". "OBXS"-dən gəlirdilər ki, sementi haradan almısız, filan... Yəni belə çətin dövrlər vardı. Bunların hamısı bizim yaddaşımızda həkk olunub. Gəldik, müstəqil bir Azərbaycan olduq. Amma bu gün də, bu müstəqilliyi çox insanlar hərc-mərclik kimi anlayır. Özlərini ağzına gələni danışmağa ixtiyarı olan şəxs sayırlar. Bunların hamısı, əlbəttə, mənə təsir edir.

- Çox az Xalq artistlərindənsiniz ki, baş verən haqsızlıqlara mütləq mövqe bildirirsiz…

- Mən bunu Xalq artisti oluğum üçün eləmirəm. Bunun Xalq artisti olmaqla heç bir əlaqəsi yoxdur. Sadəcə, vətəndaş mövqeyimi göstərirəm. Bunların hamısı insanı keyfiyyətlərdir və mənəviyyat adlanır. Bax, o mənəviyyatımızı itirməməliyik. Mən onu qorumağa çalışıram. Sadəcə, tanınmış adam olduğum üçün sizə elə gəlir mən Xalq artisti kimi münasibətimi bildirmişəm. Halbuki bunun adla heç bir əlaqəsi yoxdur. Bir də son vaxtlar deyirlər ki, "filan müğənni", artıq bu müğənnilər formasına keçib ki, mən heç onları müğənni hesab etmirəm. Sadəcə tanınmış olmaq üçün bu gün çox asan vasitələr var. Və bu asan vasitələrdən istifadə edib, müğənni adını korlayırlar. 

“Mənə görə, Allah sevmədiyi insanların qəlb gözünü açmır”


Təbii ki, mən dünyada əmin-amanlıq görmək istəyərdim. Bütün analar kimi, təbii ki, istəyirəm heç zaman körpə uşaqlar ölməsin. Azərbaycanda çox şeylər görmək istəyərdim, onları burada sadalamayacağam. Çünki mən əxlaq polisi deyiləm , o rolu da oynamaq fikrim yoxdur. Yəni çox insanlar əxlaqı başqa cür anlayırlar. Əxlaq böyük-kiçiyə olan sayğıdır, öz hörmətini saxlamaqdır, balacalara da, kasıblara da, zənginlərə də eyni münasibət bəsləməkdir. Ətrafımda çox insan görürəm ki, kimin imkanı yoxdursa, kim gündəmdə deyilsə, onlara qarşı çox biganə, çox qəddardırlar. Kimin əlində beş manat imkanı varsa, ona tamamilə başqa münasibətdədir. Belə insanları görəndə, əlbəttə ki, onlara acıyıram. Çünki Allah onların qəlb gözünü açmayıb. Və düşünürəm ki, Allah qəlb gözünü açmadığı insanları sevmir. “Quranı- Kərim”i, dinimizi çox vaxt insanlar baş bağlamaq, örtünmək, saqqal buraxmaq kimi başa düşürlər. Nə tükdə, nə parçada, heç bir şeydə dinimiz özünü təsdiqləmir. Bizim dinimiz əxlaqda - özünü aparmaqda, böyük-kiçiyə hörmətdə, mənəviyyatda , dilini düzgün istifadə etməkdə, hər qarşısına gələni acılamamaqdadır. Bu, böyük bir fəlsəfədir.

- Keçmişlə bugünü müqayisə edəndə Azərbaycan səhnəsində sizi qane edən və etməyən hansı məqamlar var?

- Bir şeyə çox təəssüflənirəm. Fikirləşirəm ki, bunu əlbəttə, televiziya və radiolarımızı idarə edənlər, səlahiyyəti olan insanlar daha çox düşünməlidirlər... 

Biz vaxtilə sovet hökumətinin müstəmləkəsi olmuşuq və bu gün müstəqil ölkəyik. Təəssüf edirəm ki, sən demə, müstəmləkə olduğumuz vaxtlarda qüsurlarımız ört-basdır olunurmuş. Amma indi məyus olursan ki, müstəmləkə olmağımızıydımı bizim keyfiyyətlərimizi ört-basdır edən?! Nə oldu ki, birdən-birə belə qabarıq şəkildə mənfi tərəflərimiz açılıb, ortaya töküldü?! Yenə deyirəm, böyük-kiçiyə hörmətsizlik, sayğısızlıq, qədarlıq və s. nəzərdə tuturam. Bunlar çox böyük təəssüf hissi yaradır...

Əsgərlərə konsert verməkdən qayıdanda, övladlarımı itirmişəm”

- Əlbəttə ki, istedadı olan üçün hər yerdə asandır. Gündəmdə olmaq başqa şeydir, səhnədə olmaq tamam başqa. Bəzən də deyirlər ailəni sənətə qurban vermək, filan... Ailəni qurban verməyə heç ehtiyac yoxdur. Deyiblər ki, incəsənət qurban tələb edir. Deməyiblər ki, ailəni qurban ver. Bu gün mən vaxtımı qurban verirəm. Məsələn, bu gün bir neçə görüşüm var idi, qonaq gəlmək istəyirdilər. Oturacaqdım, dincələcəkdim, amma alınmadı. Söhbət o qurbanlardan gedir. Məsələn, elə vaxt olub ki, hamilə olmuşam. Belə vəziyyətdə təşkilatçılar zəng edib deyiblər ki, əsgərlərimiz sizinlə görüşmək istəyir. Düşünmüşəm ki, mən mütləq gedib onlara konsert verməliyəm. Bəlkə onlar bir həftədən sonra yaşamayacaqlar, bu dünyada olmayacaqlar. Əgər mənimlə görüşmək istəyirlərsə, ora mütləq getməliyəm. Hamilə olduğum halda uzaq yola çıxmışam, qayıdanda hamiləliyimi itirmişəm. 3-4 dəfə 5 aylıq övladımı itirmişəm. Bax, bu incəsənət qurbanıdır. Bu söz gəlib burda yerinə düşür. Amma ailəni dağıtmaq kimi qurban verim, elə bir şeyə ehtiyac yoxdur. Tam əksinə, bu sənətdə ailə insana dəstək olur.

Susanda, əsəblərimi qurban verirəm”


- Amma yəqin ki, yerinizdə olmaq istəyənlər də az olmayıb…

- Qibtə heç pis şey deyil. Amma qibtə edən insanlar sənin səviyyənə çata bilmədikləri üçün səni şərləyəndə, böhtan atanda, təhqir edəndə incəsənət qurban tələb edir. Çünki orada susmalısan, hövsələni basmalısan, səbirli olmalısan. Səni təhqir edən, sənə böhtan atan insanların səviyyəsinə düşməmək üçün susmalısan. Bax, o susmaq insanı incidir. Çünki sən danışanda içindəkiləri atırsan. Bir də görürsən heç xəbərin olmadığı bir vaxtda, heç işin olmadığı bir adam səni milyonların içində təhqir edir. Sən bu anda o səviyyəyə düşməmək üçün susmalısan. O qədər səviyyə-səviyyə deyiblər ki, “səviyyə”ni də gözdən salıblar. Yəni ki, onların dünyasına girməmək, uzaq qalmaq üçün susmaq məcburiyyətindəsən. Bunun üçün əsəblərini qurban verirsən.

- Brilliant xanımın susduğu məqamlar çox olub?

- Əlbəttə! Çox susmuşam. Nadir hallar olub ki, məcbur olub danışmışam. Elə bir zəmanəyə gəlib çatdıq ki, susmağı razılaşmaq kimi qəbul edirlər. Bəzən mədəni davranışı gücsüzlük, susmağı qəbullanmaq kimi qiymətləndirirlər. Ona görə bəzən dillənməyə məcbur qalırsan.
“Heykəllər” və “Haydı, ər igidlər, birləşin daha”  ifalarıma görə töhmət aldım

- Bildiyim qədər, Zeynəb Xanlarovadan sonra səhnəyə ilk dəfə siz şalvarla çıxmısız. Və hətta belə sərbəst, cəsarətli geyindiyinizə görə cəzalanmısız, doğrudurmu? 

- Şalvar üçün yox, 1988-ci ildə yeni ildə dekoltye geyinmişdim. Onda irad tutdular ki, “çox açıqdır”. 1990-cı ildə isə bir paltar geyindim, ətəyində uzun bir kəsiyi, “razrez”i vardı. Bir dəfə də onda dedilər ki, belə geyinmək olmaz, icazə vermirik. Halbuki paltar uzunqol idi sadəcə, yırtmacı çox uzun idi. Amma “Heykəllər” mahnısına görə töhmət almışam. 1988-ci ildə Gülərin "Haydı, haydı ər igidlər, birləşin daha, qaçsın qarı düşmənlərin “vay” deyə-deyə" misralı bir mahnısını oxumuşdum. O vaxt elə studiya yox idi ki, pulunu verib, yazasan. Bir dövlətin səsyazma studiyası var idi. Orda da mahnını bir dəfə yazdıra bilərdin. Rəhmətlik Rafiq Babayev mahnını eşitdi, icazə verdi ki, orkestrlə girib yazdırım. O mahnılar da fondda qalmır. Çünki fondda elə mahnıları saxlamaq olmazdı. Nə isə… Mən mahnını oxudum. Onda sədr məni çağırdı və dedi ki, “Biri bizim böyük qardaşımızdır, o biri də qonşumuzdur. Sən “düşmənlərim” deyəndə kimi nəzərdə tutursan?! Sən bizim solistimizsən özün də institutda oxuyursan. Öz kariyerana son qoymaq istəyirsən?” Halbuki o vaxt artıq Topxana meşəsi dağılmışdı. Artıq narazılıqlar başlamışdı. Qaçqınlar yavaş-yavaş gəlirdilər. Onda sədr mənə töhmət yazdı. 

Bir də 90-cı ildə yayda "Bu torpağa heykəl qoyan el oğlumun heykəli yox, qan içənin, baş kəsənin büstünə bax" mahnısını oxudum. O vaxt artıq 20 Yanvar hadisəsi olmuşdu və bütün hadisələr keçmiş “11-ci qızıl ordu”nun ətrafında baş vermişdi. Mən də bu mahnını həmin yerdə oxudum. Bax, onu televiziyada yayımladılar. Səhərsi həmin o veriliş bağlandı. Onda da məni çağırdılar, töhmət yazdılar. Təsəvvür edin, hələ 90-cı ildə Leninin heykəli, Şaumyanın heykəli yerində dururdu. Heç biri sökülməmişdi. Və biz də mahnını bunların qarşısında oxuduq. Sonra 91-ci ildə çevriliş elədilər ki, Sovet hökuməti dağılmasın. Onda mənə hamı deyirdi ki, o mahnılara görə sən “podvala” gedirsən, hazırlaş... (gülür)
Əks cinsdən olsaydım, xanımımı müğənni görmək istərdim”

- Əks cinsdən olsaydınız, icazə verərdizmi xanımınız müğənni olsun?

- O bir mədəniyyətdir. Müğənni olmasını, əlbəttə, istəyərdim. Tərbiyəsiz olmasın! Bunlar başqa-başqa şeylərdir. Mən çox təəssüf edirəm ki, gəldik elə bir zəmanəyə çıxdıq ki, müğənnilik, əxlaqsızlıq, tərbiyəsizlik, ağzına gələni danışmaq bunlar hamısı eyni meyarda ölçülməyə başlandı. Mən qabaq deyəndə ki, filankəs müğənni deyil. Deyirdilər ki, sənin nəyinə lazımdır? Deyirdim, gün gələcək bunlar müğənni adını özümləşdirəcəklər. Müğənni adı Rəşid Behbudovun, Şövkət Ələkbərovanın zəmanəsindəki kimi samballı, sayğılı hörmət rəmzi olmaqdan keçəcək və gəlib bunların səviyyəsinə düşəcək. Elə də oldu. 

- Bəzən çox narahat insan təsiri bağışlayırsız, elə bil sürəkli nəsə axtarırsız, amma tapa bilmirsiz təəssüratı yaranır… 

- Yox, mən axtardığımı tapmışam. O başqa bir məsələdir. Sadəcə, məni necə məcbur edirdilərsə, necə oxumaq lazımdır, necə səhnədə olmaq lazımdır, o yenə də var. Qabaq məndən böyüklər, indi də məndən kiçiklər, məni məcbur edirlər. Bunu oxu, bunu yazdır, mahnını gətirirlər, oranjeman edirlər. Yaxud bəstəkar deyir, bu mahnını oxu, ya şair deyir, bu sözlər yaxşıdır, ya uşaqlar deyir ki, istəyirəm bunu geyinəsən. Mən heç nə axtarmamışam. Sadəcə musiqi bilirəm və bildiyim bir şeyi icra eləmişəm. Əslində sənət adamı hər zaman axtarışda olmalıdır, o, başqa şeydir. Amma sənətin varsa, sadəcə icra edirsənsə, bu işi bilən insanlar tərəfindən qəbul olunur. Elə insanlar da var ki, musiqini bilmirlər, onlara göstəriş, görünüş lazımdır. Yəni tamaşaçını nəzərdə tuturam. 

Virtual aləmdə də saxta insanları görmək istəmirəm”

- Bu gün kimləri səhnədə görmək istəməzdiz? 

- Mən görmək istəmədiklərimi heç görmürəm. Hətta sizə deyim ki, instagramda qarşıma bəzən görüntülər çıxır. Onları da mənə öyrədiblər, üç nöqtə var, onlardan birini basıram, yazılır ki, belə videoları göstərmə…  Mən də elə edirəm ki, heç bir də görməyim. Yəni həyat artıq Youtube, İnstagram, internet həyatına çevrilib. Hamı həyatını orada yaşayır. Mən də hərdən işim olmayanda, dincələndə baxıram, görüm, Azərbaycanda nələr baş verir. Bax, orda mənim bir-iki dəfə qarşıma tanıdığım və tanımadığım insanlar çıxır, hansı ki, böyüyə qarşı hörmətsizlik edib və məni çox hədsiz dərəcədə məyus edib. Onları da məni sevən insanlarla bölüşürəm ki, vətəndaş olaraq bunun qarşısını alaq. Öz mövqeyimizi bildirək. Görmək istəmədiyim insanlar saxta insanlardır. Bax, bir çoxu təhqirlərdən sonra mənə əllərini uzadırlar. Onun saxta olduğunu mən o qədər gözəl görürəm ki.. Bəzən tamaşaçının onu görmədiyinə məəttəl qalıram, təəssüf edirəm. Deyirəm, tamaşaçı məni qınayacaq ki, əl uzatdılar, mən tutmadım. Mən saxtakarlığı heç cür qəbul edə bilmirəm. Orada mən maddiyat da itirə bilərəm, tamşaçı dəstəyi də. Nə itirirəmsə itirim, amma mən saxtakarlığı qəbul etmirəm. 

“Həyatda da, səhnədə də yeni səhifə açmaq tərəfdarıyam”

- Çox mütaliə etmisiz, özünüzü oxuduğunuz əsərlərdə hansı obrazda görmüsüz? 
- Balacalıqda «Qraf Mone Kristo» əsərini oxuyanda Mersedes adlı qız var idi, ona çox oxşamaq istəyərdim. Deyərdim ki, Mersedes kimi gözəl olacağam. Onu yazıçı əsərdə necə qələmə alırdısa, elə olmaq istəyirdim. Özəlliklə kiməsə oxşamaq istəməzdim. Bəlkə də, ona görə özüm olmuşam. Uşaqlıqdan Şövkət xanıma qulaq asmışam, heç vaxt onun kimi oxumaq ağlıma belə gəlməyib. “Ağ çiçəyim”i oxumağa gedəndə, fikirləşirdim ki, mən bunu Şövkət xanımdan sonra necə oxuyacam ki, ona bənzəməsin. Çünki ən gözəl çalarları o vurub. Mən həyatda yeni səhifə açmağın tərəfdarıyam. İstər sənətində, istər zahiri görünüşündə yeni səhifə açmaq çox gözəldir. 

Ədalətə görə heç vaxt evdə it-pişiyimiz olmayıb

- Ədalət müəllim necə həyat yoldaşıdır?

- Bir insanla eyni evdə yaşamaq çox çətindir. Müxtəlif ailələrdə böyüyən insanlar gəlib eyni evi paylaşırlar. Ona görə də mən oğlumu tələsdirmirəm. Bir damın altında başqa adəti, başqa şakəri olan insanların yollaşması asan deyil. Mən sabitlik sevirəm. O isə hər dəfə dəyişiklik etməyi xoşlayır. Bunlar çox xırda şeylərdir, amma ailədə bunların əhəmiyyəti var. Yəni bir - birinə mane olmamaq, hörmət etmək şərtiylə anlaşmağı bacarmalıdırlar. Məsələn, mən hər zaman evdə bir itim olsun istəmişəm. Amma Ədalət müəllim dəhşətli dərəcədə təmizkardır, qoxulara həssasdır. Heç vaxt istəməz ki, evdə heyvan olsun. Onun xətrinə mənim evdə heç vaxt itim olmayıb. Halbuki oğlum da, mən də bunu çox istəmişik ki, it, ya pişiyimiz olsun. Amma o dəqiqə o səpər. Onun üçün imkanı olmayan şeydir. - Mən gülləri çox sevirəm, o görəndə ki, güllər solub, o dəqiqə atır. Yaxud paltarımda bir ləkə olsa, o dəqiqə onu tullayır. Bir dəfə Norveçdən gətirdiyim xalatı atmışdı. Onu bu günə qədər də yeri gələn kimi deyirəm. O da deyir ki, min səkkiz yüzüncü ildə nə olub, hamısını yadda saxlamısan (gülür). Saçıma boya qoymuşdular, üstünə balaca bir ləkə düşmüşdü. Türkiyədən  səfərdən qayıdanda gördüm onu atıb. Mən o boyda yolu onu gətirmişdim. Onun üçün o qədər hirslənmişdim. Deyirdim ki, mən də sənin istədiyin şeyləri atacam. Amma ata bilmirəm…

-  Ədalət müəllim sizi qısqanır? 

- Əvvəl olurdu. Liftə minirdik, deyirdi, bu nədi geyinmisən? Get, dəyiş! Mən də deyirdim ki, dəyişmirəm, mənim belə xoşuma gəlir. Bizim atalarımız həmişə deyirdi ki, hər kəs öz yerlisi ilə evlənməlidir. O da dünya görüşü, anlayışla üst-üstə gələn bir şeydir. Biz ikimiz də eyni yerlərdənik. Bəlkə o anasından da mənim danışıq tərzimi eşidib. Xoşuna gələn şeyləri eşidib. 

- Gəlinlə eyni evdə yaşayarsız? 

- Məmnuniyyətlə… Çox istəyərdim. Amma oğlum deyir ki, mən bu otaqda yoldaşımla, sən o biri otaqda… Bu mümkün olan bir şey deyil. Deyir ki, heç ağlından belə keçirmə… Sual verirəm ki, bəs mərtəbə, gedib aşağıda qalsam? Deyir, bu da mümkün deyil. Əlbəttə, mən istəyirəm eyni evdə qalaq. Bilirsiz, mən hər zaman böyüyə qulaq asmışam. Böyüklərimiz deyirdi ki, “gəlin gəlin olmaz, düşdüyü yer gəlin olar”. O uşaqdı, anlamaya bilər. Sən onun üçün keçməlisən. Öz övladından necə incimisənsə, gəlinlə də, kürəkənlə də elə olmalısan. Əslində insani ketfiyyətləri olan insan üçün belə olmalıdır. İnsani keyfiyyətləri olmayan insana istəyir, gəlin, istəyir başqasının gəlini, istəyir qonşu, fərq eləməz. Bizim evdə işləyən insanlar illərdir bizimlədir. Bir xanım mənim evimdə 18 il işlədi, rəhmətə getməsəydi, yenə bizdə olacaqdı. Artıq son vaxtlar yaşlanmışdı, otururdu, biz onaq qulluq edirdik. Yəni mən bəzən görürəm insanlar evində çalışanlarla elə rəftar edirlər ki, məəttəl qalıram. Deyirəm, Allah bu adama insanlıq verməyib. Bu yazıq, özü bədbəxtdır. 

-Sənət xadimləri Milli Məclisdə təmsil olunurlar. Bəs siz necə, millət vəkili olmaq iddiasında olmamısız? 

- Əgər mənə ehtiyac olsa, ola bilər. Məsələn, mənə təklif etdilər bələdiyyə seçil, mən də seçildim. 

Ən gözəl paltarımla onun pəncərələrini siləcəm” 

- Eşitmişik Ajda Pekkanın böyük pərəştişkarısınız… 
- Bəli, həddindən artıq çox sevirəm. Həddindən artıq sözü mənə biraz birtəhər gəlir. Çünki heç nə həddindən artıq olmur. Elə həddində olur. Amma o barədə haddindən artıq deyirəm ki, balacalıqda düşünürdüm: gedəcəm, ən gözəl paltarımla onun pəncərələrini belə siləcəm. Ona nəyisə fəda etmək istəyirdim. Təsüvvür edin, ən gözəl paltarımı ona qurban vermək arzusundaydım. Ağlıma gəlmirdi ki, yollar açılacaq. Sadəcə belə uşaq arzularım olub.

Ülkər QASIMOVA
Video: Adil Ağayev, Fərid Şabanov