25 il xarab olmayan meyvə? Sublimasiya olunmuş məhsullar haqda bilinməyən həqiqətlər
Sağlamlıq
Son dövrlərdə qida bazarında diqqət çəkən məhsullardan biri də sublimasiya olunmuş, yəni dondurularaq qurudulmuş meyvələrdir. Uzunömürlü saxlanma imkanı və cəlbedici görünüşü ilə maraq doğuran bu məhsullar istehlakçılar arasında birmənalı qarşılanmır. Bəziləri dadını və rahat istifadəsini üstün tutur, digərləri isə onlara ehtiyatla yanaşır. Hətta mövsümü olmayan meyvələrin belə bu üsulla satışa çıxarılması müzakirələri daha da aktuallaşdırır. Bəs sublimasiya olunmuş meyvələr sağlamlıq üçün nə dərəcədə təhlükəsizdir və onlar faydalı maddələrini, xüsusilə vitaminlərini qoruyub saxlaya bilirmi?
Mövzu ilə bağlı News24.az-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, sublimasiya olunmuş meyvələr əvvəlcə mənfi 40 dərəcədə dondurulur, daha sonra vakuum şəraitində birbaşa bərk hala keçmiş mayenin (buzun) buxarlandırılması prosesi aparılır və nəticədə meyvələr qurudulur. Onun sözlərinə görə, bu üsul meyvələrin demək olar ki, vitamin dəyərinin 90 faizə qədər qorunub saxlanmasına imkan verir:
“Meyvələr uzun müddət növündən asılı olaraq təxminən, 25 ilə qədər xarab olmadan qala bilir. Eyni zamanda dadı, rəngi və forması da demək olar ki, ilkin halına yaxın saxlanılır. Lakin C və B vitaminləri kimi bəzi vitaminlərin miqdarı təzə meyvələrlə müqayisədə nisbətən az olur. Sublimasiya olunmuş meyvələrdən daha çox idmançılar, immun sistemini gücləndirmək istəyən şəxslər və səfərdə olan insanlar istifadə edirlər”.
Mütəxəssis qeyd edib ki, gündəlik qidalanmada təzə, mövsümü və yerli meyvə-tərəvəzlərə üstünlük verilməsi daha məqsədəuyğundur. Bununla belə, sublimasiya olunmuş meyvələr istifadə edilərkən miqdarına diqqət yetirilməlidir. Onun sözlərinə görə, bir insanın bir dəfəlik qəbul edə biləcəyi miqdar təxminən ovuc ölçüsündə, yəni 20–30 qramdır ki, bu da mövsümü orta ölçülü meyvələrin iki porsiyasına bərabərdir. Kiçik yaşlı uşaqlara verildikdə isə məhsulun quru olması və çeynəmə zamanı daha çox tüpürcək tələb etməsi səbəbindən boğulma riskinin yaranması nəzərə alınmalıdır.
Bu səbəbdən uşaqlara verməzdən əvvəl sublimasiya olunmuş meyvələrin təxminən 5 dəqiqə suda isladılması daha məqsədəuyğundur. Eyni zamanda xroniki xəstəlikləri olan şəxslər, xüsusilə şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulları qəbul edərkən diqqətli olmalıdırlar. Çox miqdarda qəbul edildiyi halda qanda şəkərin səviyyəsi qəfil yüksələ və bu da xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Mədə-bağırsaq sistemi ilə bağlı problemləri olan şəxslərə də bu cür meyvələri həddindən artıq qəbul etmək tövsiyə edilmir".
Məhsəti Hüseynova vurğulayıb ki, qastrit və digər mədə problemləri zamanı sublimasiya olunmuş meyvələrin çox istifadəsi həzm pozğunluğu, ağrı və qıcıqlanmaya yol aça bilər. Bundan əlavə, hər hansı meyvəyə qarşı allergiyası olan şəxslər həmin meyvəni dondurulmuş, qurudulmuş formada qəbul etdikdə də allergik reaksiya riskinin yüksək ola biləcəyini nəzərə almalıdırlar.
Mütəxəssisin sözlərinə görə, sublimasiya olunmuş meyvələr düzgün qablaşdırıldığı təqdirdə, meyvənin növündən asılı olaraq 25 ilə qədər saxlanıla bilər.
“Lakin qablaşdırma açıldıqdan sonra məhsulun qısa müddət ərzində istehlak edilməsi daha məqsədəuyğundur. Əgər meyvə hava ilə təmas nəticəsində yumşalıbsa, rəngində, qoxusunda və ya görünüşündə dəyişikliklər müşahidə olunursa, istifadəsi tövsiyə edilmir. Həmçinin bu məhsulların quru, sərin və günəş şüalarından uzaq yerdə saxlanılması daha faydalıdır”, – deyə o əlavə edib.