Alimlər xəbərdarlıq etdi: Bu vərdiş ömrü qısalda bilər

Alimlər xəbərdarlıq etdi: Bu vərdiş ömrü qısalda bilər Sağlamlıq

Hər gün gündüz yatmaq sağlamlığa və hətta həyat müddətinə mənfi təsir göstərə bilər.

News24.az xəbər verir ki, bu nəticəyə "Massachusetts General Hospital Brigham" Tibb Mərkəzi və "Rush University" alimləri gəliblər. “RealSimple” nəşrinin yazdığına görə, 56 yaşdan yuxarı 1338 nəfərin 19 il ərzində izlənildiyi araşdırmada vaxtaşırı gündüz yuxusunun ümumi ölüm riski ilə əlaqəli olduğu müəyyən edilib. Bu əlaqə gecə yuxusunun müddətindən asılı olmayaraq müşahidə olunub.

1997-ci ildə başladılan “Rush Memory and Aging Project” məlumatlarına əsasən, yaşlı insanların 20%-dən 60%-dək hissəsi hər gün gündüz yatır. Tədqiqatçılar müəyyən ediblər ki, özünü yaxşı hiss etsələr belə, gündüz həddindən artıq yatan yaşlı insanlarda neyrodegenerativ və ürək-damar xəstəlikləri, eləcə də ciddi sağlamlıq problemləri riski daha yüksək olur.

Alimlər əvvəlcə gündüz yuxusu üçün vaxt aralığını müəyyən ediblər. Buraya səhər saat 09:00-dan axşam 19:00-dək olan bütün yuxu epizodları daxil edilib və həm müddət, həm də tezlik nəzərə alınıb.

İştirakçılar iki qrupa bölünüb:

  • erkən günorta yuxusu – 11:00-dan 17:00-dək;

  • gec günorta yuxusu – 15:00-dan 19:00-dək.

Araşdırmaya görə:

  • gündüz yuxusunun hər əlavə bir saatı ölüm riskini 13% artırıb;

  • hər əlavə gündüz yuxusu epizodu isə bu riski 7% yüksəldib;

  • səhər saatlarında yatanların ölüm riski günorta yatanlarla müqayisədə 30% daha yüksək olub.

Mütəxəssislərin sözlərinə görə, qalxanabənzər vəz problemləri, diabet və psixoloji pozuntular kimi xroniki xəstəliklər gündüz yorğunluğunu artıraraq insanı yatmağa meylli edir.

Araşdırmada ürək-damar sistemi ilə bağlı problemlərin də gündüz yuxululuğunun əsas səbəblərindən biri olduğu qeyd olunub.