Beyni və ürəyi qoruyan içki – alimlərdən maraqlı açıqlama
Sağlamlıq
Bunu hamı bilmir, amma isti şokolad təkcə dadlı deyil, həm də sağlamlıq üçün faydalıdır. Alimlər sübut ediblər ki, isti şokoladın tərkibində yaşıl çaydan daha çox antioksidant var. Buna baxmayaraq, insanlar onu çox nadir hallarda qəbul edir.
News24.az xəbər verir ki, “Teraz Gotuje” nəşrində bu barədə geniş məqalə yer alıb.
Məqalədə bildirilir:
“İsti şokolad daha çox zövq verən içki kimi qəbul olunur, sağlamlığa faydası isə çox vaxt nəzərə alınmır. Halbuki bu içkini xüsusilə ürək, sümüklər və sinir sistemi üçün istifadə etmək tövsiyə olunur”.
Əgər isti şokoladın həm dadlı, həm də faydalı olmasını istəyirsinizsə, düzgün məhsul seçməlisiniz. İlk növbədə, az şəkərli və yüksək keyfiyyətli kakaodan istifadə edilməlidir.
“Əgər şokoladı mütləq şirinləşdirmək istəyirsinizsə, təbii şirinləşdiricilərdən istifadə edin. Bir qədər bal və ya ağcaqayın siropu ideal seçimdir. Bir çox insan içkinin qida dəyərini artırmaq üçün badam, kokos və ya soya südünə üstünlük verir”, – deyə nəşr əlavə edib.
Mütəxəssislər dadı daha da zənginləşdirmək və əlavə fayda əldə etmək üçün içinə darçın və ya vanil qatmağı məsləhət görürlər.
Kakao antioksidantlarla zəngin olduğuna görə onun müntəzəm istifadəsi ürək xəstəliklərindən qorunmağa kömək edə bilər. Bundan əlavə, kakao yaşlanma əleyhinə təsir göstərir və dərinin vəziyyətinə müsbət təsir edir.
“İsti şokoladın müntəzəm istifadəsi beynin fəaliyyətinə də müsbət təsir göstərir. Yaddaşı gücləndirmək istəyənlər üçün bu içki faydalıdır. Həmçinin şokolad endorfin və serotonin hormonlarının ifrazını artırdığı üçün əhval-ruhiyyəni və psixoloji vəziyyəti yaxşılaşdırır”, – deyə materialda vurğulanıb.