Diqqət: Bu əlamətlər pomadanın ziyanlı olduğunu göstərir
Sağlamlıq
Müddəti keçmiş və ya uyğun şəraitdə saxlanılmayan pomadalar, təkcə dodaqlarda qıcıqlanma deyil, ciddi sağlamlıq problemlərinə də səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, gündəlik istifadə olunan pomadalar da digər kosmetik məhsullar kimi müəyyən raf ömrünə malikdir və zamanla bakterioloji təhlükəyə çevrilə bilər.
Bu barədə News24.az Milliyet-ə istinadən xəbər verir.
Əgər pomadanın qoxusu dəyişibsə, yəni orijinal ətiri itib, əksinə turşu və ya kimyəvi qoxu hiss olunursa, bu artıq məhsulun yararsız olduğuna işarədir. Rəngində solğunluq, tündləşmə və ya bərabərsiz görünüş, həmçinin struktura baxıldıqda sərtləşmə, yapışqanlıq və ya pütürlü hisslərin yaranması da pomadanın istifadəyə yararsız olduğunu göstərir.
Zərər görmüş ppomadalar, tərkibindəki bakteriya və göbələk səbəbindən dodaqlarda qızartı, qaşınma, quruluq və çatlara səbəb ola bilər. Hətta bəzi hallarda ağız ətrafında infeksiyalar və yaralar da müşahidə edilir. Xüsusilə həssas dəriyə sahib olan insanlar bu təsirlərdən daha çox zərər görürlər.
Digər bir təhlükə isə məhsulun tərkibində yığıla biləcək ağır metallarla bağlıdır. Pomada xarab olduqda, bu maddələr dəridən orqanizmə daha asan keçə bilər. Uzun müddət istifadəsi isə böyrəklər və sinir sistemi kimi həyati orqanlarda toksik təsirlərə yol aça bilər.
Kosmetoloqlar pomadaların açıldıqdan sonra maksimum 12–18 ay ərzində istifadə olunmasını tövsiyə edirlər. Məhsul sərin və quru yerdə, günəş şüasından uzaqda saxlanmalıdır. Eyni zamanda gigiyenik baxımdan pomadaların paylaşılmaması və mütəmadi yoxlanılması vacib sayılır.
Unutmaq olmaz ki, sırf estetik baxımdan istifadə olunan bir məhsul, düzgün istifadə edilmədikdə sağlamlıq üçün real təhlükəyə çevrilə bilər.
Xeyrənsə Piriyeva