Naharda bunu yeməyənlər daha tez acır – mütəxəssislər açıqladı
Sağlamlıq
Dietoloqlar bildirirlər ki, arıqlamağa çalışan insanların naharda mütləq qəbul etməli olduğu əsas qida elementi zülaldır. Zülal orqanizmin əzələ kütləsini qorumasına, aclıq hissini nəzarətdə saxlamağa və enerji səviyyəsini sabit tutmağa kömək edir.
News24.az xəbər verir ki, “Eatingwell” portalı zülalın arıqlama prosesində niyə vacib olduğunu və onu gündəlik qidalanmaya necə əlavə etməyin mümkünlüyünü izah edib.
Zülal toxluq hissini artırır
Naharda kifayət qədər zülal qəbul etmək günün ikinci yarısında qəfil aclıq hissini və plansız qəlyanaltıları azalda bilər. Zülal aclıq hormonu olan qrelinin səviyyəsini azaldır, toxluq hissi yaradan hormonları isə artırır. Bundan əlavə, zülal daha gec həzm olunur və orqanizm onu emal edərkən daha çox kalori yandırır.
Əzələ kütləsini qorumağa kömək edir
Zülal bədəndə yağ faizinin azalmasına və ümumi yağ itkisinin sürətlənməsinə kömək edən əsas amillərdən biridir, çünki o, əzələ kütləsinin qorunmasında və hətta artırılmasında mühüm rol oynayır.
Mütəxəssislər qeyd edirlər ki, kalori çatışmazlığı yaradılan pəhrizlərdə zülala ehtiyac artır. Araşdırmalar az kalorili qidalanmanın əzələ toxumasının zəifləməsi riskini yüksəltdiyini göstərib.
Ən sadə başlanğıc variantı hər əsas qidalanmada, o cümlədən naharda ən azı 30 qram keyfiyyətli zülal qəbul etməkdir.
Qanda şəkərin kəskin dəyişməsinin qarşısını alır
Mütəxəssislər bildirirlər ki, nahar əsasən karbohidratlardan ibarət olduqda qanda şəkərin səviyyəsi sürətlə yüksəlib tez də enə bilər. Bu isə yorğunluq və tez aclıq hissi yaradır.
Karbohidratları zülalla birlikdə qəbul etmək qanda şəkərin kəskin dəyişməsinin qarşısını alır. Məsələn, çörək və ya meyvədən alınan 15-20 qram karbohidratın təsiri, eyni miqdarda karbohidratın 30-35 qram zülalla birlikdə qəbulundan fərqli olur.
Nahara daha çox zülal əlavə etməyin yolları
Yunan yoqurtu və ya kəsmik əlavə edin – bu, 15-20 qram əlavə zülal təmin edə bilər
Konservləşdirilmiş balıq seçin – ton balığı, qızılbalıq və sardina yaxşı seçimdir
Protein tozundan istifadə edin
Salata qoz-fındıq, toxum və ya paxlalılar əlavə edin – balqabaq tumu, çətənə toxumu və ya edamame 7-12 qram əlavə zülal verir