Yatmazdan əvvəl qəhvə içənlərə xəbərdarlıq – gözlənilməz təsir ortaya çıxdı
Sağlamlıq
Axşam saatlarında içilən bir fincan qəhvə uzun çəkən işləri tamamlamaq və ya qısamüddətli yorğunluğu aradan qaldırmaq üçün ən yaxşı üsullardan biri sayıla bilər. Elmi araşdırmalar göstərir ki, yatmazdan əvvəl qəhvə içmək düşündüyümüz qədər zərərli deyil, lakin bu enerji artımının gözlənilməz təsirləri də ola bilər.
News24.az xəbər verir ki, “thetakeout.com” saytının yazdığına görə, yeni araşdırma yatmazdan əvvəl qəbul edilən kofeinin impulsiv davranışlara və risk etmə meylinin artmasına səbəb ola biləcəyini ortaya çıxarıb.
Texas Universitetinin El-Paso kampusunun alimləri gecə saatlarında kofeinin meyvə milçəklərinə təsirini araşdırıblar. Tədqiqatda istifadə edilən milçək növünün genetik və sinir sistemi insanlara bənzər hesab olunur. Təcrübələr göstərib ki, gecə kofein qəbul edən milçəklər daha qeyri-sabit davranışlar nümayiş etdiriblər.
Tədqiqatçı Erik Saldes bildirib ki, normal şəraitdə meyvə milçəkləri güclü hava axını zamanı hərəkəti dayandırır. Lakin kofein qəbul edən milçəklər bu reaksiyanı nəzarətdə saxlaya bilməyərək təhlükəli və düşünülməmiş uçuşlar həyata keçiriblər.
Araşdırmada dişi meyvə milçəklərinin eyni dozada kofein qəbul etmələrinə baxmayaraq, erkəklərlə müqayisədə daha impulsiv davrandığı da müşahidə olunub.
Tədqiqat qrupunun üzvü, biologiya professoru Kyön-An Han qeyd edib ki, milçəklərdə estrogen kimi insan hormonları yoxdur. Bu isə dişi fərdlərdə yüksək həssaslığın başqa genetik və ya fizioloji səbəblərlə bağlı ola biləcəyini göstərir.
Alimlər hesab edirlər ki, nəticələr insanlarda, xüsusilə qadınlarda gecə qəhvə içməyin impulsiv davranışlara təsirini izah etməyə kömək edə bilər. Bununla belə, yekun nəticə üçün əlavə araşdırmalara ehtiyac olduğu vurğulanıb.