Zülfiyyə Xanbabayeva onunla duet oxudu – FOTO - VİDEO
    • 5-02-2020, 12:45
    • 1 314

Zülfiyyə Xanbabayeva onunla duet oxudu – FOTO - VİDEO

Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayevanın yaradıcılıq bioqrafiyası bu günlərdə daha bir duetlə zənginləşib.  

News24.az xəbər verir ki, tanınmış müğənni gənc müğənni Cavid Məmmədovla mahnı yazdırıb və onunla birlikdə klipdə çəkilib. Söhbət bir neçə il əvvəl “Qolos” adlı populyar televiziya layihəsinin yeddinci mövsümündə böyük uğur qazanmış Cavid Məmmədovdan gedir.  

Zülfiyyə Xanbabayeva ilə Cavid Məmmədovun yeni layihəsinin – “İstərdim” mahnısının çox maraqlı yaranma tarixi var. Müğənninin özünün dediyi kimi, o, bu mahnını ilk dəfə tədbirlərin birində Cavidin ifasında eşidib. Mahnı o dərəcədə xoşuna gəlib ki, onu ifa etmək istəyib. Məlum olub ki, mahnının müəllifi Cavidin özüdür – sözləri də, musiqisi də ona məxsusdur. Cavid mahnısının Zülfiyyə Xanbabayevanın böyük marağına səbəb olduğuna hədsiz sevinib və bu kompozisiyanı ulduza verməyə hazır olduğu bir vaxtda müğənnidən maraqlı təklif gəlib...Bəlkə onu səninlə duet oxuyaq? Zülfiyyə Xanbabayevanın dediyinə görə, bu mahnını eşidən kimi, dərhal onun klipini təsəvvür edib. Buna görə də video çəkilişləri uzun sürməyib...   

Sosial şəbəkə istifadəçiləri öz şərhlərində yazırlar ki, nəticədə iki sevən qəlbin nakam məhəbbəti haqqında gözəl klip və təsirli duet alınıb. Videonun müəllifi gənc rejissor Delee Oruclu, prodüseri Nigar Hacızadədir. Layihə üzərində, həmçinin tanınmış bəstəkar İsmayıl Əsədov və aranjımançı Samir Sultanov işləyiblər.  

Sevda Bayramova