Avropanın Azərbaycana qarşı fəallığının səbəbi nədir? - Şərh
Siyasət
Xəbər verdiyimiz kimi, Fransa və Ermənistan arasında hərbi saziş imzalandı. Beləliklə, Paris İrəvana “Thales” şirkətinin istehsalı olan üç “Ground Master 200” (GM200) radar sistemi və “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemləri verəcək.
Beynəlxalq sferada Azərbaycana qarşı fəallıq müşahidə edilir. Bu kontekstdə Niderland Avropa Birliyini Ermənistana hərbi dəstək verməyə çağıran və “etnik təmizləmə” haqqında qətnamələr qəbul edir.
Eyni zamanda bəzi qitə ölkələri də buna qoşulur. Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü ləğv olunur və s.
Avropanın Azərbaycana qarşı bu fəallığının səbəbi nədir?
Mövzu ilə bağlı Türkiyənin sabiq deputatı İstanbul Ticarət Universitetinin professoru Mustafa Ilıcalı News24.az-a danışıb.

O bildirib ki, Avropa Parlament hökumətdən Aİ-nin digər üzv dövlətlərini Ermənistanın mümkün hərbi dəstək istəyinə müsbət cavab verməyə çağırmasını istəyir.
“Sentyabrın 21-də Hollandiya parlamentinin təşəbbüsü nəticəsində baş nazir Rutte ilə illik ümumi toplantı zamanı ölkəsinin mövqeyini ifadə etdi. Qətnamədə Qarabağ ermənilərinin hüquqların təmin edilməsi və beynəlxalq humanitar yardımın göstərilməsinə dair çağırış edilib. Hökumətdən isə tələb edildi ki, Qarabağda vəziyyətin pisləşəcəyi təqdirdə, Avropa İttifaqı ilə Azərbaycan arasında qaz sazişinin dayandırılması fonunda Avropa kontekstində mümkün sanksiyalar araşdırılsın. Baş nazir Rutte Azərbaycanın hərbi eskalasiyasını qəbuledilməz hesab edib. O, Avropada Hollandiyanın tədbirlər görəcəyinə dair parlamenti əmin edib. Baş nazir sanksiyaların müzakirə mövzusu olduğunu əlavə etdikdən sonra layihə səs çoxluğu ilə qəbul olunub”.
M.Ilıcalı baş verənlərin açıq-aşkar tərəftutma olduğunu vurğulayıb.
“Ermənistana səfər edən Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib ki, Paris İrəvana hərbi texnika verilməsini “təsdiqləyib”. Kolonna açıqlaması zamanı vurğulayıb ki, ölkəsi Ermənistanın suverenliyi və ərazi bütövlüyündən narahatdır və İrəvanla “həmrəy”dirlər. Sonrakı prosesdə isə Ermənistan hava hücumundan müdafiə sistemini təkmilləşdirmək üçün Fransada üç radar sistemi alıb və tərəflər arasında gələcəkdə hava hücumundan müdafiə raketlərinin satışı ilə bağlı da ilkin razılıq əldə olunub.Biz belə yanaşmalarla təəssüf ki, hər zaman qarşılaşırıq. Necə ki, Qəzzada məsum insanların qətlini dəstəklədiklərini görürük. Onlar hər zaman müharibə cinayətkarlarının tərəfini tuturlar. Biz Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın haqq mübarizəsində onların yanında olmağa davam edəcəyik. Daha ədalətli dünya üçün “İki dövlət, bir millət” birliyimizi inkişaf etdirəcəyik”, - o deyib.

Məsələyə başqa aspektdən yanaşan politoloq Ərəstun Oruclu Avropanın Azərbaycana qarşı artan fəallığının səbəblərini izah edib.
“Onlardan ən başlıcası Fransa, Almaniya və Niderland kimi ölkələr Avropanı bir güc mərkəzi kimi göstərmək istəyidir. Məsələ burasındadır ki, Ukrayna müharibəsi başlayanda avropalılar sözügedən münaqişənin mahiyyətini, onun başlayacağını və ümumiyyətlə qlobal təhlükəsizlik sisteminə vura biləcəyi ziyanı görə bilmir və anlamırdılar. Amerikalılar onları yalnız Ukraynaya dəstəyə və Rusiyaya qarşı sanksiyalara məcbur etdikdən sonra Avropa qitəsi faktiki olaraq qlobal siyasi sferaya qoşuldu. Beləliklə də Avropa ikinci rolda olduğunu göstərmiş oldu. Onlar bunu istəyərəkmi etdilər ya anlamadıqları üçünmü etdilər bu, artıq bir qədər əhəmiyyət daşımır, amma yerləri bucür formalaşdırdılar. Buna qədər Rusiyaya qarşı loyal mövqe sərgiləməyə çalışırdılar. Hadisələrin sonrakı inkişafı göstərdi ki, Avropa İttifaqı böyük siyasətdə olduqca zəif olan bir qurumdur”.
Politoloqun sözlərinə görə, hazırda sözügedən ölkələr dünyanın müxtəlif yerlərində baş verən hadisələrə aktiv müdaxilə etməklə özlərinin rolunu, nüfuzunu qabartmağa çalışırlar.
“Bununla da Avropa İttifaqının kölgəsindən çıxmağa, bir növ müstəqil oyunçu olmağa nail olmaq istəyirlər. Belə bir obraz yaratmağa çalışırlar.
Digər tərəfdən Avropa İttifaqında bəzi xristian təmayüllü partiyaların cərəyanların müəyyən dərəcədə dini təəssübkeşliyi var. Burada erməni diasporunun da rolu danılmazdır”.
Ə.Oruclu hesab edir ki, onlar Azərbaycanın Qarabağın dağlıq hissəsində keçirdiyi əməliyyatları Rusiya ilə razılaşdırılmış kimi qəbul edərək bir növ Azərbaycana təzyiq göstərməklə Ermənistanı yanlarına çəkməyi hədəfləyirlər.
“Sonrakı proseslərdə Ermənistan vasitəsilə Cənubi Qafqaza müdaxilə etməyi planlaşdırırlar. Əgər məsələ insan haqları, Azərbaycanda demokratik təsisatların təqibi ilə bağlı olsaydı bunu çoxdan edərdilər, amma əksinə Azərbaycanla neft-qaz əməkdaşlığına can atıblar. Azərbaycan lobbiçilərinin öz ölkələrində fəaliyyətinə imkan yaradıblar. İndi isə birdən-birə "dəyərlər" avropalıların yadına düşdü. Bu, Avropa siyasətində mövcud olan ənənəvi riyakarlığın bariz nümunəsidir”, - deyə politoloq fikrini yekunlaşdırıb.
Ayşən Rəhim