Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının - TƏMƏLİ QOYULDU - FOTO
Siyasət
Paytaxt Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimi keçirilib.
News24.az xəbər verir ki, mərasimdə Azərbaycanın Baş nazir Əli Əsədov, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, eləcə də hər iki ölkədən digər dövlət və hökumət rəsmiləri, gürcü və azərbaycanlı ictimai xadimlər, iş adamları, media nümayəndələri iştirak ediblər.
Layihəyə əsasən, mövcud torpaq sahəsində tikildiyi zaman teatrın ümumi ərazisi 2 565 kvadrat metr olacaq.
Yeni teatr binası inşa ediləcəyi torpaq sahəsində yerləşən tarixi binanın restavrasiyası və sahəsinin genişləndirilməsi hesabına tamamlanacaq.
Teatr binasının ümumi tamaşaçı tutumunun 256 nəfər olacağı bildirilir.
Açılış tədbirində çıxış edən İrakli Qaribaşvili deyib: "Teatr binasının Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində inşa edilməsi, Azərbaycan və Gürcüstan arasındakı məhsuldar əməkdaşlıqdan xəbər verir".
Hökumət başçısı Azərbaycan Prezidenti İlham Əliyevin bir müddət öncə Gürcüstana səfər etdiyini və burada baş tutan görüşün çox məhsuldar keçdiyini xatırladıb. O, Gürcüstan qərəzsiz və neytral vasitəçi olaraq Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazır olduğunu bir daha ifadə edib.
Öz çıxışında Azərbaycanın Baş naziri Əli Əsədov isə deyib: "“Azərbaycan və gürcü xalqlarının əsrlər boyu dostluq, mehriban qonşuluq, sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasını şərtləndirən əsas amil tarixi köklərə söykənən mədəni əlaqələr olub. Həm Azərbaycanda, həm Gürcüstanda tarixən xalqlarımızın milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, dilinə, dininə, incəsənətinə, ədəbiyyatına böyük hörmət və xüsusi rəğbət bəslənilib".
Baş nazir qeyd edib ki, 1872-ci ildə əsası qoyulan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının uzunmüddətli fəaliyyəti dövründə gürcü, Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin ölməz əsərləri böyük uğurla səhnələşdirilib:
“Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına müasir tərzdə yeni nəfəs verilməsi tarixi hadisədir. Teatrın yeni binasının Tbilisi şəhərinin önəmli gözəl guşəsində yerləşməsi ilə bağlı qərarı çox yüksək qiymətləndiririk”, - deyə Əli Əsədov vurğulayıb.
Aynurə