18 yaşdan sonra aliment? Yalnız bu halda mümkündür - Açıqlama
Sosial
Boşanma hallarında aliment məsələsi valideynlər və uşaqlar üçün ən çox mübahisə doğuran mövzulardan biridir. Xüsusilə uşaq 18 yaşına çatdıqdan sonra keçmiş aliment borcunun tələb edilə bilib-edilməməsi sualı tez-tez gündəmə gəlir. Çox vaxt insanlar qanunvericilikdə nəzərdə tutulmuş hüquqlar və mövcud mexanizmlər barədə kifayət qədər məlumatlı olmadıqları üçün illərlə yığılan aliment borcunu tələb edib-etməməkdə tərəddüd yaşayırlar.
Mövzu ilə bağlı News24.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, 18 yaşdan sonra alimentlə bağlı hüquqlar Azərbaycan qanunvericiliyində konkret şəkildə tənzimlənib:
“Qeyd edim ki, aliment uşağa görə təyin olunur, lakin onu faktiki olaraq uşağa baxan valideyn alır. Aliment ödənişləri uşağın 18 yaşınadək davam edir. Uşaq 18 yaşına çatdıqdan sonra isə keçmiş dövrlərə aid, ödənilməli olub ödənilməyən aliment borcunu tələb etmək mümkündür. Əgər söhbət məhz əvvəlki illərdə toplanmış borcdan gedirsə, bəli, bu tələb edilə bilər. Lakin burada mühüm nüans var. Belə ki tələb hüququ formal olaraq anaya məxsusdur, çünki icra sənədlərinin sahibi odur. Buna görə də ana, uşaq artıq yetkinlik yaşına çatdıqdan sonra belə, onun üçün yığılmış aliment borcunu tələb edə bilər".
Hüquqşünas əlavə edir ki, Mülki Prosessual Məcəllə və “Ailə Məcəlləsi”nə əsasən aliment üzrə yaranan borc uşağın xeyrinə formalaşdığından 18 yaşdan sonra da həmin məbləğin tələb olunması hüquqi cəhətdən qüvvədə qalır:
“Əgər aliment məhkəmə tərəfindən vaxtında təyin edilib, lakin ödənilməyibsə, uşağın yaşı artıq 18-dən yuxarı olsa belə, həmin borcun ödənilməsi tələb oluna bilər. Lakin aliment heç vaxt rəsmən təyin olunmayıbsa, keçmiş dövr üçün borcun tələb edilməsi mümkün deyil. Aliment yalnız məhkəmə qərarının çıxarıldığı tarixdən sonrakı dövr üçün hesablanır".