Əspərasti kəndində yüksək bal toplayan  4 müəllim işə QƏBUL OLUNDU
    • 3-10-2019, 10:46
    • 1 210

Əspərasti kəndində yüksək bal toplayan 4 müəllim işə QƏBUL OLUNDU

Oktyabrın 3-də Quba rayonuna mediatur təşkil edilib. 

News24.az xəbər verir ki, mediaturun məqsədi  yeni tədris ilində Quba rayonunda pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüşmək və onların dərs prosesini izləməkdir. 

Mediaturda KİV nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də iştirak edirlər.

Mediatur iştirakçıları əvvəlcə Quba rayonu Əspərasti kənd Nurəddin Rzayev adına tam orta məktəbində olublar. Qeyd olunub ki, bu il Əspərasti kənd məktəbinə yüksək bal toplayan 4 yeni müəllim işə qəbul olunub. 

Onlardan Fərəcova Aysel Şərafət qızı ingilis dili ixtisası üzrə 41 bal toplayaraq Bakı şəhərindən, Məhərrəmova Aygün Fikrət qızı riyaziyyat ixtisası üzrə 43 bal toplayaraq Quba şəhərindən, Məmmədli Samirə İbadət qızı informatika fənni üzrə 40 bal toplayaraq Bakı şəhərindən,Cəfərov Orxan Vahid oğlu isə tarix ixtisası üzrə 53 bal toplayaraq Şabran rayonundan həmin məktəbə təyinat alıb.

Sonra ingilis dili müəllimi Aysel Fərəcova, riyaziyyat müəllimi Aygün Məhərrəmova , informatika müəllimi Samirə Məmmədli və tarix müəllimi Orxan Cəfərovun dərs prosesi izlənilib.

Bildirilib ki, Əsparəsti kənd Nurəddin Rzayev adına tam orta məktəbi 2016-cı ildə tikilib istifadəyə verilib. 180 şagird yerlik məktəbdə 164 şagirdin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur. 

Mediatur Qəçrəş kənd İbrahim Şahmərdanov adına və bu il yeni istifadəyə verilən Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbləri ilə tanışlıqla davam edir.

Teymur Məmmədov, Bakı - Quba