Nazir müavini övladlığa götürmədən danışdı:
    • 8-11-2019, 14:49
    • 829

Nazir müavini övladlığa götürmədən danışdı: "Bu sistem təkmilləşdirilir"

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev övladlığagötürmə ilə bağlı sualı cavablayıb. 

News24.az xəbər verir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hələ ki, belə bir  müraciətin daxil olmadığını bildirib: "Noyabrın 1-də övladlığagötürmə Əmək və Əhalinin Sosial Müdadiəsi Nazirliyinin tam səlahiyyətinə keçib. Sosial internet portalının sisteminin funksiyalarının bir hissəsi artıq yerləşdirilib. İstəklərə uyğun uşaqların yoxlanılması və digər bununla bağlı seçimlər var. Sadəcə olaraq, hüquqi prosedurlarla bağlı bəzi məqamları gözləyirik. Bilirsiniz ki, ölkədə övladlığagötürmə sistemi ciddi şəkildə təkmilləşdirilir. Bununla bağlı
ölkə başçısının tapşırıqlarına əsasən biz təklifləri hazırlayıb ona təqdim etdik. Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub. Artıq övladlığagötürmə ilə bağlı qanunvericilik aktlarındakı dəyişikliklər Milli Məclisdə müzakirə olunub. Yaxın vaxtlarda Milli Məclis tərəfindən bu aktlar qəbul ediləcək. Növbəti mərhələdə ölkə başçının imzalaması gözlənilir. Bundan sonra Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyi tam hüquqlu şəkildə yeni sistem üzərində bu proseslərin tənzimləməsinə başlayacaq".

Qeyd edək ki, noyabrın 1-dən Azərbaycanda övladlığagötürmə tam şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilib. Prezident İlham Əliyevin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanında dəyişiklik edilməsi ilə bağlı bu ilin iyunun 3-də imzaladığı fərmanda nəzərdə tutulub.

Dəyişikliyə əsasən, 2019-cu il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını təmin etmək məqsədilə Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasını və fəaliyyətə başlamasını təmin etməlidir.


Afaq Mirayiq