Azərbaycanda ilk dəfə
    • 15-11-2019, 13:09
    • 769

Azərbaycanda ilk dəfə "StartupFest" keçiriləcək - FOTO

21-26 noyabr 2019-cu il tarixində Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə "StartupFest 2019" adı altında startapları əhatə edən beynəlxalq festival təşkil olunacaq.

News24.az xəbər verir ki, “StartupFest” gənc texnologiya sahibkarlarını, “Angel” investorları, korporasiyaları, dövlət qurumlarını, universitetləri, media və müxtəlif ölkələrdən gələn beynəlxalq qonaqları bir araya gətirəcək.

Festival çərçivəsində “Techstars Startup Fintech”, “DevopsDays”, “FUN Baku”, “Product Hunt Meetup”, “TEDx”, “World E-Commerce Forum Eurasia Baku 2019” kimi beynəlxalq tədbirlər təşkil olunacaq.

Bakı və Gəncə şəhərlərini əhatə edəcək festival çərçivəsində Azərbaycan, Belçika, Macarıstan, Türkiyə, Gürcüstan, ABŞ və Ukraynadan olan spikerlər öz təcrübələrini bölüşəcəklər.

Tədbirin əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemə müsbət təsir göstərmək və inkişafa təkan verməkdir.

Tədbirlə bağlı bu gün təşkil olunan mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov açıqlamasında bildirib ki, ölkə rəhbərliyi tərəfindən də bu sahənin inkişafına xüsusi diqqət və dəstək var:  ""INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin açılışı ötən ilin noyabr ayının 12-i ölkə rəhbərliyinin iştirakı ilə həyata keçirilib. Mərkəzin fəaliyyətinin əsas məqsədi ondan ibarətdir ki, eko sistem iştirakçılarını bir ayara gətirsin və burada yerli “startup”lara investorlara çıxışın təmin etsin. Bu günə qədər mərkəz tərəfindən yetmişdən çox tədbir həyata keçirilib. Bu tədbirlərə 4500-dən çox iştirakçı qatılıb”.

Tədbirlə bağlı  "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin müdiri Məmməd Kərimov “Tədbirlər silsiləsi 12-26 noyabr tarixlərində baş verəcək. Son bir il ərzində 50-dən çox “stratup”a dəstək olmuşuq. Mərkəzimizin məhsulları çoxdur. Bunlardan biri də “Startup” festivalıdır. “Startup fest”in keçirilməsi ənənəvi planlaşdırılır. Bir nömrəli məqsədimiz odur ki, startuplar bir-biri ilə görüşsünlər, təcrübələrini bölüşsünlər. Buraya nəindki ölkə daxilində, beynəlxaq startuplar da daxildir”.