Azərbaycanda qızılca ilə bağlı son durum

Azərbaycanda qızılca ilə bağlı son durum Sosial

“Son iki-üç ayda uşaqlar arasında qızılca hallarına rast gəlinmir. Ümumilikdə, vəziyyət stabildir".

News24.az xəbər verir ki, bunu Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin müdiri Mirəhməd Səbəbçu jurnalistlərə açıqlamasında bildirib.

Peyvənd məsələsinə toxunan həkim, bəzi hallarda gecikmələrin olduğunu qeyd edib:

“Uşaqların vaxtında peyvənd olunması çox önəmlidir. Bu mövzuda mütəmadi maarifləndirici iş aparırıq, bu da həkim olaraq bizim məsuliyyətimizdir. Qəbul etdiyim uşaqların böyük hissəsi peyvəndli olur”.

Şöbə müdiri həmçinin daha çox mövsümi xəstəliklərlə bağlı müraciətlərin daxil olduğunu deyib:

“Şöbədə 7 həkim çalışır. Onlardan biri Türkiyədə təhsil almış uzman, biri isə rezidentdir. Digər həkimlərin də təcrübəsi kifayət qədərdir. Ümumi 30 çarpayımız var. Həm ambulator, həm də stasionar şəkildə gündə 150–200 müraciət qəbul edirik. Bu müraciətlər əsasən mövsümi xəstəliklər və viruslarla bağlı olur. Zəruri hallarda diaqnoz qoyub, xəstəni paytaxta yönləndiririk”.