Bakının bu əraziləri yarımadaya çevriləcək: Proses başladı

Bakının bu əraziləri yarımadaya çevriləcək: Proses başladı Sosial

Xəzər dənizində son 20-25 ildə suyun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı enib və sahillərdə geri çəkilmələr müşahidə olunur. Azərbaycanda xüsusilə Qızılağac ərazisində suyun geri çəkilməsi nəticəsində 700 kvadratkilometr torpaq suyun altından çıxıb.

Suyun səviyyəsinin azalması neft sənayesi, gəmiçilik və liman infrastrukturuna ziyan vurur, həmçinin bioekosistemdə dəyişikliklərə səbəb olur. Eyni zamanda, dənizin səth temperaturunun artması və fitoplanktonların paylanmasındakı dəyişikliklər balıqların yaşaması üçün vacib olan ekosistemin tənzimlənməsinə təsir göstərir. Bildirilir ki, əgər prosesə müdaxilə edilməsə və gəmilər üçün yer açılmasa, Qum və Pirallahı adaları yarımadaya çevrilə bilər.

Maraqlıdır, Xəzərin suyunun səviyyəsi enməyə davam edərsə, gələcəkdə daha hansı bölgələrdə dəyişiklik baş verə bilər?

Mövzu ilə bağlı News24.az-a danışan Coğrafiya elmləri doktoru, professor Əmir Əliyev bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi təbii və uzunmüddətli bir prosesdir və bu hadisə daim baş verir:

"Dənizdə suyun səviyyəsi müəyyən dövrlərdə xeyli aşağı düşə bilər. Əgər irəliləyən zamanlarda Xəzər dənizinin səviyyəsi 1,5–2 metr qədər düşsə, bu, təbiətin normal prosesidir və ciddi fövqəladə hal demək deyil. Xəzərin səviyyəsinin enməsi tarixən də müşahidə olunub və davamlı bir fenomendir. Son 200 ildə bu proses bir neçə dəfə baş verib və dənizin səviyyəsi bu zaman ərzində mənfi 25 sm diapazonunda dəyişib. Təbii ki, proses davam edərsə, Qum və Pirallahı adalarının yarımadaya çevrilməsi qaçınılmazdır".

Coğrafiya elmləri doktoru, professor Əmir Əliyev

O əlavə edib ki, Xəzərin suyunun səviyyəsinin bundan da aşağı düşdüyü dövrlər olub:

"Tarixi məlumatlara görə, illər öncə dənizin səviyyəsi indiki ilə müqayisədə təxminən üç dəfə daha aşağı olub. Bu isə onu göstərir ki, suyun enməsi yalnız müasir dövrün problemi deyil, əksinə, təbii geoloji və iqlim proseslərinin nəticəsidir".

Professor vurğulayıb ki, bu enmə dövrləri təxminən 200 ildən bir baş verir və proses tamamlandıqdan sonra suyun səviyyəsi yenidən qalxır:

"Xəzər dənizində müşahidə olunan səviyyə dəyişiklikləri, həm iqlim, həm də geoloji amillərin təsiri ilə izah olunur və bunlar uzunmüddətli təbii proseslərin bir hissəsidir. Bu baxımdan dənizdə suyun səviyyəsinin müəyyən qədər enməsi qısa müddətli panikaya səbəb olmamalıdır".