Bakının nəqliyyat sistemində yenilik: Bu istiqamətə alternativ yol açılır

Bakının nəqliyyat sistemində yenilik: Bu istiqamətə alternativ yol açılır Sosial

Bakıda Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil ediləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlumatda bildirilib. Bildirilib ki, Bakı şəhərində mobilliyin artırılması, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə yeni layihə icra olunur.

Təhlillərin nəticəsinə əsasən, İnqilab İsmayılov küçəsinin Zığ şosesi ilə kəsişməsində Zığ qəsəbəsi sakinlərinin yola birbaşa çıxışını təmin etmək üçün dəmir konstruksiyalı arakəsmələr götürüləcək və işıqforlarla tənzimlənən yol kəsişməsi yaradılacaq.

Yeni layihənin Bakıda nəqliyyat sıxlığına təsiri barədə nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev News24.az-a açıqlamasında bildirib ki, Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçidin təşkili şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi baxımından vacibdir:

“İnqilab İsmayılov küçəsi Günəşli istiqamətinə çıxır. Bu keçid Günəşli massivi ilə Zığ qəsəbəsini Zığ şossesi üzrə birbaşa əlaqələndirmək baxımından önəmlidir. Nəticədə həm Günəşli massivi, həm də ətraf ərazilərdən şəhər mərkəzi və hava limanı istiqamətinə çıxış daha əlçatan olacaq. Bu, sürücülərin və ictimai nəqliyyat istifadəçilərinin hərəkətini xeyli dərəcədə rahatlaşdıracaq”.

Ekspert əlavə edib ki, layihənin uğurla icra edilməsi üçün yalnız yol infrastrukturunun yaxşılaşdırılması kifayət deyil, eyni zamanda, bu istiqamətdə ictimai nəqliyyatın təminatı və səmərəli planlaşdırılması da vacibdir:

“Yol keçidinin istifadəyə verilməsi ilə birlikdə avtobus, mikroavtobus və digər ictimai nəqliyyat xətləri üzrə əlavə tədbirlər görülməlidir ki, layihənin təsiri maksimal olsun. Beləliklə, yalnız avtomobil hərəkəti deyil, həm də ictimai nəqliyyatın əlçatanlığı artırılacaq və ümumi nəqliyyat sıxlığı azalacaq. Layihə həm günlük sıxlığın azalmasına, həm də uzunmüddətli perspektivdə şəhər mobilliyinin yaxşılaşdırılmasına strateji töhfə verəcək".