Bu həkimlər məsuliyyətə cəlb olunacaq: 5 ilə qədər həbs oluna bilərlər

Bu həkimlər məsuliyyətə cəlb olunacaq: 5 ilə qədər həbs oluna bilərlər Sosial

Tibb elmi insan həyatının qorunması sahəsində ən məsuliyyətli sahələrdən biridir. Həkim və cərrahlar hər gün xəstələrin sağlamlığı və həyatı ilə üz-üzə dayanır, və onların qərarları bəzən ölüm-qalım fərqini müəyyən edir. Lakin insan faktoru, texniki nasazlıqlar və ya nadir hallarda diqqətsizlik səbəbindən əməliyyat və müalicələrdə səhvlər baş verə bilər. Belə hallar yalnız tibbi deyil, həm də hüquqi məsələ yaradır.

Əgər həkim əməliyyat zamanı səhv edərək xəstəyə ciddi ziyan vurursa, qanunvericilik onu hansı hallarda məsuliyyətə cəlb edir və hansı cəzalar tətbiq olunur?

Mövzu ilə bağlı News24.az-a danışan Hüquqşünas Ramil Süleymanov bildirib ki, xəstələr tibb müəssisəsinə müraciət edərkən mütləq olaraq ödənişlər və qoyulan diaqnoz barədə rəsmi sənəd əldə etməlidirlər.

"Bu, həm gələcək hüquqi iddiaların əsasını təşkil edir, həm də xəstənin hüquqlarının qorunmasına xidmət edir. Həkimin səhv etdiyi iddiası ilə şikayət daxil olduqda məhkəmə tibbi ekspertiza təyin edəcək. Ekspertin qarşısında isə əsas sual belə olacaq: Pasiyentin sağlamlığına dair aparılan analiz və müayinələr onun vəziyyəti ilə uyğun gəlirmi? Eyni zamanda əməliyyat protokollarının tələblərə uyğun aparılıb-aparılmadığı da yoxlanılacaq", — deyə hüquqşünas əlavə edib.

Ramil Süleymanov qeyd edib ki, Azərbaycan Cinayət Məcəlləsinin 314-cü maddəsinə (Səhlənkarlıq) uyğun olaraq cinayət işi açılır və xəstəyə dəymiş zərərə görə həkim məsuliyyətə cəlb olunur:

"Maddənin 1-ci bəndinə əsasən, səhlənkarlıq edən şəxs 1 500 manatdan 2 000 manata qədər cərimə oluna bilər və ya 6 aydan 2 ilə qədər azadlıqdan məhrum edilə bilər. Əgər səhlənkarlıq xəstənin sağlamlığında ciddi və ağır xəsarətlərə səbəb olubsa, həmin şəxs 2 ildən 5 ilə qədər azadlıqdan məhrum edilə bilər".

Hüquqşünas vurğulayıb ki, bu qanunvericilik mexanizmi yalnız cərrah və ya həkimləri məsuliyyətə cəlb etmir, eyni zamanda tibbi xidmətin keyfiyyətini artırmaq və xəstələrin hüquqlarını qorumaq məqsədini daşıyır.