Büdcənin yarısı sosial xərclərə yönəlir – Vətəndaşlar üçün nə dəyişəcək?
Sosial
2026-cı ildə dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi sosialyönlü olacaq. Maliyyə Nazirliyinin məlumatına görə, bu il üçün nəzərdə tutulan sosial xərclərin həcmi 17,1 milyard manat təşkil edəcək. Maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında bildirib ki, bu göstərici 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 2,5 milyard manat, yəni 17 faiz artımı əks etdirir. Nazir vurğulayıb ki, 2026-cı ildə sosialyönlü xərclər əsas prioritetlər sırasındadır və əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalacaq.
Büdcədən sosialyönümlü xərclərə ayrılan vəsait əsasən hansı sahələrə yönələcək?
İqtisadçı Akif Nəsirli News24.az-a bildirib ki, hazırda sosial xərclər kateqoriyasına yalnız əhalinin sosial müdafiəsi, müavinətlər, təqaüdlər və sosial proqramlar deyil, həm də dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları daxil edilir:
"Bu, faktiki olaraq sosialyönümlü xərclərin həcmini artırır. Büdcədən maliyyələşən qurumlarda çalışan işçilərin əməkhaqqı sosialyönümlü xərc kimi təqdim edilməməlidir. Dövlət müəssisələrində çalışan işçilərə verilən əməkhaqqı sosialyönümlü xərc deyil, idarəetmə xərci hesab olunmalıdır. Bu, dövlət büdcəsində sosialyönümlü xərclərin çəkisini iki dəfə artıq göstərir. Amma istənilən halda sosialyönümlü xərclərin ötən ilə nisbətən artırılması əhalinin sosial rifahının yaxşılaşdırılması üçün nəzərdə tutulub".
Akif Nəsirlinin fikrincə, artım əsasən vətəndaşların rifahına yönələn ödənişlərdə — müavinətlərdə, ünvanlı sosial yardımlarda, təqaüdlərdə və həssas qruplar üçün proqramlarda özünü göstərəcək:
"Hazırda açıqlanan artımların böyük hissəsi faktiki olaraq büdcə təşkilatlarında çalışanların maaşlarının yüksəldilməsinə gedir. Eyni zamanda, müavinətlərin, əlillik ödənişlərinin, tələbə təqaüdlərinin və ailələrə verilən sosial yardımların həcmində də artım mümkündür. Bunu sosial siyasətin möhkəmlənməsi kimi qiymətləndirmək olar. Sosial xərclərin düzgün təsnifatı gələcək büdcə planlaşdırılmasının daha səmərəli aparılmasına şərait yaradacaq".