DİQQƏT! Maşın nömrələri ilə bağlı DYP xəbərdarlıq etdi

DİQQƏT! Maşın nömrələri ilə bağlı DYP xəbərdarlıq etdi Sosial

Sosial şəbəkədə və onlayn satış platformalarında bəzi şəxslər avtomobillərin dövlət nömrə nişanlarını qeyri‑adi yüksək qiymətlərə təklif edirlər.

News24.az -ın məlumatına görə, mövzuya münasibət bildirən ekspert Elməddin Muradlı vurğulayıb ki, heç bir vətəndaş özünə verilmiş dövlət qeydiyyat nişanını başqa bir şəxsə sata, hədiyyə edə və ya təhvil verə bilməz:

“Dövlət nömrə nişanlarının verilməsi yalnız dövlət orqanlarının səlahiyyətindədir. Nişan kimin adına rəsmiləşdirilibsə, həmin şəxs onu ancaq öz adına avtomobili qeydiyyata aldırarkən DYP-dən götürə bilər”.

Baş Dövlət Yol Polisi İdarəsi də mövzu ilə bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev diqqətə çatdırıb ki, bu tip elanlar qanunvericiliyə ziddir:

“Dövlət nömrələrinin ayrıca satılması qanunsuz hesab olunur və dələduzluq riskləri yaradır. Bəzi internet səhifələrində qeyri‑real məbləğlərlə nömrə satışı barədə elanlar yerləşdirilir və bu elanlar vasitəsilə vətəndaşlardan beh və müxtəlif ödənişlərin alınması halları qeydə alınır. Aparılan araşdırmalar göstərir ki, satışa çıxarılan nömrələrin əksəriyyəti başqa şəxslərin adına rəsmiləşdirilib və onların bundan xəbəri olmur. Qanuna əsasən, dövlət qeydiyyat nişanı ayrıca satıla bilməz, yalnız avtomobillə birlikdə təqdim olunur”.