Evdən işləmək qanuniləşir, bəs məsuliyyət kimdə qalacaq?

Evdən işləmək qanuniləşir, bəs məsuliyyət kimdə qalacaq? Sosial

Milli Məclisin Regional məsələlər komitəsinin ötən gün keçirilən iclasında Əmək Məcəlləsinə “məsafədən (distant) iş” anlayışının daxil edilməsini nəzərdə tutan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Yeni anlayış işçilərin əmək funksiyalarını evdən və ya digər məsafədən yerinə yetirməsi üçün hüquqi bazanın yaradılmasını hədəfləyir.

Layihəyə əsasən, işçi işəgötürənin xammalından, materialından və istehsal vasitələrindən istifadə etməklə ev şəraitində və ya digər uzaq məsafəli formada fəaliyyət göstərdikdə bu fəaliyyət ayrıca hüquqi çərçivə ilə tənzimlənəcək.

Mövzu ilə bağlı News24.az-a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, yeni qaydalar işəgötürənlərə məsafədən işləyən işçilərlə əmək münasibətlərini hüquqi cəhətdən tənzimləmək imkanı yaradacaq:

"Praktiki olaraq biznes qurumlarında məsafədən iş modelinə bu gün də maneə yoxdur. Məsələn, Azərbaycan vətəndaşı olsa da xaricdə yaşayan mütəxəssis dəyərli kadrdırsa, işəgötürən onunla əmək müqaviləsi bağlayaraq funksiyalarını məsafədən yerinə yetirməsinə şərait yarada bilər. Bu model bəzi qurumlar üçün daha sərfəlidir, çünki işçini başqa rayon və ya ölkədən gətirmək, evlə təmin etmək və əlavə xərclər çəkmək əvəzinə, onun uzaqdan işləməsi daha effektiv olur".

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov

Sahib Məmmədov həmçinin vurğulayıb ki, məsafədən iş işçilər üçün də üstünlüklər yaradır:

"İş saatlarını daha rahat idarə etmək, tapşırıqları vaxtında tamamlayıb əlavə fəaliyyətlərlə məşğul olmaq imkanı yaranır. Mövcud qanunvericiliyə əsasən, müəssisə işçinin iş saatlarında baş verə biləcək hər bir bədbəxt hadisəyə görə məsuliyyət daşıyır. Lakin məsafədən iş zamanı bu məsuliyyətin necə tənzimlənəcəyi, xüsusilə də ev şəraitində baş verə biləcək risklərin hüquqi çərçivəsinin necə müəyyən olunacağı hələ də sual olaraq qalır".

O bildirib ki, məsafədən işlə bağlı hüquqi və normativ məsələlərin gələcəkdə aydınlaşdırılması gözlənilir.