Gürcüstandan gözlənilməz təhsil qadağası: Minlərlə azərbaycanlı tələbənin planı alt-üst oldu
Sosial
Gürcüstanda növbəti tədris ilindən etibarən dövlət universitetlərinə əcnəbi tələbə qəbulunun dayandırılması bölgədə geniş müzakirələrə səbəb olub. Qərarı təhsil naziri Givi Mikanadze açıqlayıb. O bildirib ki, məhdudiyyət yalnız dövlət ali təhsil müəssisələrinə şamil edilir və özəl universitetlər xarici tələbə qəbulunu əvvəlki qaydada davam etdirəcək.
Hazırda Gürcüstanın bəzi dövlət universitetlərində əcnəbi tələbələr ümumi kontingentin yarısına qədərini təşkil edir. Hökumət bu qərarın verilməsinə əsas səbəb kimi nisbətin tənzimlənməsini göstərir. Qərar xüsusilə Gürcüstanı təhsil mərkəzi kimi seçən azərbaycanlı tələbələr üçün əhəmiyyətlidir, çünki ölkədə təhsil alan xarici tələbələr arasında azərbaycanlıların payı kifayət qədər böyükdür.
Bu dəyişiklik azərbaycanlı abituriyentlərin təhsil planlarına necə təsir edəcək? Onların dövlət universitetlərinə qəbul imkanları məhdudlaşacaq, yoxsa diqqət özəl ali məktəblərə yönələcək?
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuruzadə News24.az-a bildirib ki, dünyanın ən reytinqli universitetlərində belə xarici tələbələrə məhdudiyyət tətbiq edilmir:
"Əksinə, ali məktəblər beynəlxalq tələbə axınını təhsilin keyfiyyəti və qlobal nüfuzun göstəricisi hesab edir. Bu qərar Azərbaycanlı abituriyentlər arasında narahatlıq yaratmamalıdır. Gürcüstanın dövlət universitetləri hazırda nə regionda, nə də beynəlxalq akademik məkanda yüksək mövqe tutur. Məsələn, Türkiyənin ilk 30 universiteti ilə müqayisədə Gürcüstan ali məktəbləri onların səviyyəsinə çatmaq üçün uzun illər çalışmalıdır. Buna görə də daha geniş perspektiv axtaran tələbələr üçün Türkiyə, BƏƏ və Polşa kimi ölkələr daha məqsədəuyğundur”.

Ekspert əlavə edib ki, Gürcüstanın bu addımı həm iqtisadi, həm də sosial baxımdan uğurlu qərar deyil:
“Hazırda bəzi dövlət universitetlərində tələbələrin yarısı əcnəbidir. Bu həm ali təhsilin maliyyə dayanıqlığına ciddi dəstək verir, həm də multikultural akademik mühit formalaşdırırdı. Qərar həm bu maliyyə axınını, həm də beynəlxalq imici zəiflədəcək”.