Minlərlə borclunun taleyinə təsir edəcək yeni tələblər: BOKT-larla bağlı qərar verildi

Minlərlə borclunun taleyinə təsir edəcək yeni tələblər: BOKT-larla bağlı qərar verildi Sosial

Azərbaycan Mərkəzi Bankı bank olmayan kredit təşkilatlarında audit prosesini daha şəffaf və standartlaşdırılmış etmək üçün yeni qaydalar təsdiqləyib. Qaydalar xüsusilə “AZPULMAT”, “MANATO” və digər BOKT-larda audit prosesinin nəzarətli və şəffaf şəkildə aparılmasını hədəfləyir. Auditor seçimi, auditin keçirilməsi və hesabatların tərkibi kimi məsələləri dəqiq şəkildə tənzimləyən bu dəyişikliklər, bütün Bank Olmayan Kredit Təşkilatlarında (BOKT) vahid standartların tətbiqinə xidmət edir və maliyyə məlumatlarının etibarlılığını artırır.

Maraqlıdır, vətəndaşların əksəriyyətinin borcu olduğu bu kimi təşkilatlarda audit tələblərinin sərtləşdirilməsi onların maliyyə təhlükəsizliyinə necə təsir edəcək?

Məsələ ilə bağlı News24.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, Mərkəzi Bankın qəbul etdiyi yeni qaydalar bütövlükdə bütün bank olmayan kredit təşkilatlarına nəzarətin gücləndirilməsinə yönəlib:

"AMB artıq BOKT-lardan hesabatların yalnız beynəlxalq maliyyə standartları əsasında hazırlanmasını, kənar auditin isə Beynəlxalq audit atandartlarına uyğun keçirilməsini tələb etməklə bu qurumların fəaliyyətində yüksək məsuliyyət və şəffaflıq mühiti formalaşdırmağa çalışır. Bu yanaşma auditor seçiminin daha ciddi meyarlar əsasında həyata keçirilməsinə, audit prosesinin keyfiyyətinin yüksəlməsinə və nəticələrin obyektivliyinin təmin edilməsinə gətirib çıxaracaq".

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov

Ekspert qeyd edib ki, bu tələblərin təsiri xüsusilə "AZPULMAT", "MANATO" kimi geniş müştəri bazasına malik BOKT-larda daha açıq şəkildə hiss olunacaq:

"Çünki son illərdə bu iki təşkilat müxtəlif regionlarda minlərlə vətəndaşa istehlak krediti, kiçik və orta həcmli borc və digər maliyyə xidmətləri təqdim edərək geniş istifadəçi kütləsi formalaşdırıb. Bu qurumlara müraciət edən vətəndaşların sayı çox olduğundan onların maliyyə əməliyyatlarının şəffaf və düzgün aparılması sosial etimad baxımından xüsusi əhəmiyyət daşıyır. Qərar sadəcə onlarla deyil, həm də digər Bank Olmayan Kredit Təşkilatlarına şamil ediləcək".

Minlərlə borclunun taleyinə təsir edəcək yeni tələblər: BOKT-larla bağlı qərar verildi