Naxçıvana avtomobil yolu ilə getmək istəyənlərə mühüm xəbər: Proses yekunlaşır
Sosial
Zəngəzurdan keçməsi nəzərdə tutulan və “Tramp marşrutu” kimi tanınan layihə üzrə proseslər daha da sürətlənir. Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlaması layihənin icrası ilə bağlı konkret vaxt cədvəli müəyyənləşdirildiyini göstərir. Onun sözlərinə görə, bu ilin sonuna qədər sənədləşmə və hüquqi məsələlər tam başa çatdırılacaq, 2026-cı ilin ilk yarısında isə layihə ilə bağlı bütün qərarlar rəsmiləşdiriləcək.
Paşinyan bildirib ki, layihənin qarşısında duran maneələr artıq aradan qaldırılıb və Vaşinqton Bəyannaməsində mübahisəli məqamların hamısı öz əksini tapıb. Bu isə layihənin planlaşdırıldığı kimi həyata keçirilməsinə şərait yaradır.
Maraqlıdır, Zəngəzur dəhlizi 2026-cı ilin birinci yarısında istifadəyə veriləcəkmi?
Məsələ ilə bağlı danışan politoloq Elçin Xalidbəyli News24.az-a bildirib ki, hazırkı proseslərin dinamikası Zəngəzur dəhlizinin gələn il açılmasını real edir:
"Bu ilin avqustunda ABŞ-da imzalanan hüquqi sənəd layihənin əsas çərçivəsini müəyyənləşdirib və Azərbaycan öz üzərinə düşən bütün texniki və hüquqi öhdəlikləri yerinə yetirir. Məlumatlara əsasən, dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində işlər son mərhələyə yaxınlaşır. Proseslərin hazırkı axarı layihənin reallaşmasına imkan yaradır və qarşıdakı il Zəngəzur dəhlizinin açılması ehtimalı yüksəkdir".
Politoloq vurğulayıb ki, layihənin açılış tarixini müəyyən edən əsas faktor Ermənistan–ABŞ əməkdaşlığının tempi olacaq:
"Çünki dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin tikintisi məhz bu iki tərəfin birgə fəaliyyətindən asılıdır. ABŞ və Ermənistan arasında hüquqi prosedurların ilin sonuna qədər tamamlanacağı gözlənilir ki, bu da prosesin daha sürətli irəliləməsinə şərait yarada bilər".
Xalidbəyli həmçinin qeyd edib ki, regional vəziyyət layihənin icrasına təsir göstərən mühüm amillərdən biridir. Onun sözlərinə görə, bəzi xarici güclərin bölgədəki siyasi proseslərə təsir cəhdləri mümkündür.
"Bu səbəbdən Ermənistan daxilində siyasi sabitlik də önəmli rol oynayacaq. Əgər Paşinyan hakimiyyəti gələcək parlament seçkilərində mandatını qoruyub saxlaya bilsə, Ermənistan tərəfi dəhlizin açılması istiqamətində daha konkret addımlar ata bilər".