Ötən illə bağlı şok hesabat: Hər 10 dəqiqədə bir qadın...
Sosial
Ötən il dünyada hər 10 dəqiqədə bir qadın yaxını tərəfindən öldürülüb.
News24.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının hesabatında bildirilib.
Qeyd olunub ki, 2024-cü ildə təxminən 50 min qadın, qız yaxın münasibətdə olduğu şəxs və ya ailə üzvləri tərəfindən qətlə yetirilib.
Hesabatda qeyd edilib ki, dünyada öldürülən qadınların 60 faizi münasibət qurduğu insan - ata, əmi, ana və qardaş kimi qohumları tərəfindən öldürülüb.
117 ölkədən toplanmış məlumatlara görə, 50 min rəqəmi gündə 137 qadın deməkdir. Bu, təxminən hər 10 dəqiqəyə bir qətl hadisəsidir.
Sənədə görə, ümumi göstərici 2023-cü ildə təqdim edilən göstəricidən bir qədər aşağıdır, lakin bu, real azalma demək deyil. Fərq daha çox müxtəlif ölkələrdə məlumatların əlçatanlığı ilə bağlıdır.
“Təhlükəli tendensiya davam edir. Hər il femisid (qadınların qadın olduqları üçün cinsi və gender əsaslı nifrət zəminində qəsdən öldürülməsi) on minlərlə qadının və qızın həyatına son qoyur və vəziyyətin yaxşılaşdığına dair heç bir əlamət yoxdur. Ev isə hələ də qadınlar və qızlar üçün qətl riski baxımından ən təhlükəli yer olaraq qalır”, – deyə araşdırmada bildirilib.
Dünyanın heç bir regionu femisidsiz ötüşməyib, lakin ötən il yenə də ən çox hadisə Afrikada qeydə alınıb. Burada öldürülən qadınların sayı 22 mindir.
Hesabatda vurğulanıb ki, texnologiyaların inkişafı qadın və qızlara qarşı zorakılığın bəzi növlərini daha da ağırlaşdırıb və razılıq olmadan görüntülərin paylaşılması, şəxsi məlumatların ifşası və video-feyklər kimi yeni zorakılıq formalarının yaranmasına səbəb olub.