Özəl klinikada pulsuz əməliyyat: Hansı halda mümkündür?

Özəl klinikada pulsuz əməliyyat: Hansı halda mümkündür?  Sosial

"Dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlara bir neçə istiqamət ön plana çıxır. Bunlar əsasən ginekoloji, uroloji və oftomoloji əməliyyatlardır".

News24.az xəbər verir ki, bu sözləri Gəncə şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən media nümayəndələri üçün keçirilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

A. Əhmədova bildirib ki, əməliyyatların ən çox icra olunduğu tibb müəssisələri arasında Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Yeni Klinika, Gəncə Birləşmiş Şəhər Xəstəxanası və Mərkəzi Neftçilər Xəstəxanası yer alır:

"Özəl tibb müəssisələri üzrə göstəricilər önəmlidir, çünki bu sahə həm xidmətə çıxışı genişləndirir, həm də vətəndaşların seçim imkanlarını artırır. Hazırda Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinin sayı 200-dən çoxdur. Bura paytaxt Bakı ilə yanaşı, ölkənin digər bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar da daxildir.

Bu müəssisələrdə icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin sayı bu ilin 8 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 18% artıb. Bu artım özəl sektorun xidmətlərindən istifadə dinamikasının yüksəldiyini və vətəndaşların ehtiyac olduqda özəl sektorda da icbari tibbi sığorta çərçivəsində xidmət ala bildiyinin göstəricisidir.

Müraciətlər əsasən bir sıra cərrahi xidmətləri əhatə edir. Bunların sırasında invaziv radioloji xidmətlər, oftalmoji əməliyyatlar, ürək-damar cərrahiyyəsi, uroloji və ümumi cərrahiyyə üzrə əməliyyatlar üstünlük təşkil edib.

Cari ilin ilk 8 ayında özəl tibb müəssisələrində göstərilən xidmətlərin müqabilində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ümumilikdə 302 milyon manatdan çox vəsait ödənilib".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov bildirib ki, özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndərişin təsdiqi Agentlik tərəfindən həyata keçirilir:

"Göndəriş 24 saat ərzində təsdiqlənir və bu barədə vətəndaşa SMS kod göndərilir, bundan sonra pasiyent istədiyi özəl tibb müəssisəsini seçə bilir. Göndəriş mexanizmi yalnız xəstənin ixtisaslaşmış xidmətdən istifadəsini təmin etmir, eyni zamanda tibbi resursların səmərəli bölüşdürülməsi və sistem üzrə vahid qərarvermənin formalaşmasına xidmət edir".