Pensiya yaşında güzəşt təklifi: Demoqrafik baxımdan nə vəd edir? - Açıqlama
Sosial
Ötən günlərdə Azərbaycanda üç və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il erkən, yəni güzəştli qaydada pensiyaya çıxması ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməsi təklif olunub.
Mövzu ilə bağlı News24.az-a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə bildirib ki, əvvəllər üç uşaqlı qadınlar pensiya təminatına daha erkən mərhələdə çıxmaq hüququna malik olublar:
"Həmin dövrdə üç və ya dörd uşaqlı ailələrin nümayəndələri də 50–51 yaşlarında pensiya hüququ əldə edirdilər. Mən bu imkandan müəyyən müddət yararlanmışam, lakin sonradan həmin hüququn tətbiqi dayandırıldı. Azərbaycan Respublikasında üç və daha çox uşağı olan valideynlərin pensiya yaşına beş il güzəşt tətbiq olunması təklifini tam dəstəkləyirəm. Bu təşəbbüs ailələrin sosial rifah səviyyəsinin yüksəldilməsinə, eyni zamanda demoqrafik siyasətin möhkəmləndirilməsinə xidmət edəcək".
Onun sözlərinə görə, hazırkı sosial-iqtisadi şəraitdə ailələrin çoxuşaqlı olmağa meyillərinin azalması müşahidə olunur:
"Bunun əsas səbəblərindən biri valideynlərdə formalaşan “övladımı necə təmin edəcəyəm” narahatlığıdır. Təklif olunan pensiya güzəşti maliyyə baxımından böyük məbləğ təşkil etməsə də, sosial təminat kontekstində ailələrin həyat keyfiyyətinin yüksəlməsinə və psixoloji sabitliyinə müsbət təsir göstərə bilər.
Müasir dövrdə üç və ya daha çox uşağın saxlanılması ailələrdən həm maddi, həm də fiziki baxımdan ciddi resurslar tələb edir. Bu səbəbdən təklif olunan güzəşt mexanizminə müsbət münasibət bildirir və onun qanunvericilik səviyyəsində təsdiqini vacib hesab edirəm. Valideynlərin uzun illər ərzində uşaqların tərbiyəsi və inkişafı üçün sərf etdiyi əməyin sosial dəyəri nəzərə alınmalı, bu fəaliyyət həyatın fəal əmək dövrü kimi qiymətləndirilməlidir".
İradə Rzazadə qeyd edib ki, vətəndaşlar arasında aparılan müşahidələr göstərir ki, çoxuşaqlı ailələr hazırkı pensiya sistemində hər hansı güzəştin olmamasından narazılıq ifadə edirlər:
"Onlar qeyd edirlər ki, əvvəlki illərdə tətbiq edilən qaydalar daha ədalətli idi. Bunun nəticəsində son illərdə çoxuşaqlı ailələrin sayında azalma tendensiyası müşahidə olunur. Beləliklə, üç və daha çox uşağı olan valideynlər üçün pensiya yaşına güzəştin bərpası həm sosial ədalət prinsipinin təmin olunması, həm də dövlətin demoqrafik sabitliyinin qorunması baxımından əhəmiyyətli və məqsədəuyğun addım hesab edilməlidir".