Qiymət artdı, zərər böyüdü: Bakı Metropoliteni niyə milyonlarla ziyana işləyir?

Qiymət artdı, zərər böyüdü: Bakı Metropoliteni niyə milyonlarla ziyana işləyir? Sosial

“Bakı Metropoliteni” QSC-nin maliyyə vəziyyəti ilə bağlı açıqlanan son hesabatlar qurumun zərərlə fəaliyyətini davam etdirdiyini göstərir. Belə ki, metropoliten ötən ili 139,6 milyon manat zərərlə başa vurub ki, bu da 2023-cü illə müqayisədə 81,6 faiz çoxdur. Gediş haqqının 50 qəpikdən 60 qəpiyə qaldırılmasına baxmayaraq, zərərin azalmadığı, əksinə artdığı bildirilir. Hazırda “Bakı Metropoliteni”nin yığılmış ümumi zərəri 3 milyard 109,5 milyon manata çatıb.

Maraqlıdır, “Bakı Metropoliteni” gediş haqqı tariflərini artırdığı halda niyə zərərə işləyir?

Məsələ ilə bağlı News24.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, “Bakı Metropoliteni” son beş ilin maliyyə hesabatını dərc edib və həmin sənədlər beynəlxalq audit şirkəti tərəfindən yoxlanılıb:

"Hesabatda yer alan rəqəmlər metropolitenin hazırkı vəziyyətini açıq şəkildə əks etdirir. Pandemiya dövründə Bakı metrosu təxminən bir ilə yaxın müddət ərzində fəaliyyətini tam dayandırıb və bu müddətdə sərnişin daşınması həyata keçirilməyib. Bundan əlavə pandemiyadan sonrakı mərhələdə sərnişin axını hələ də əvvəlki səviyyəyə çatmayıb. Bu da maliyyə göstəricilərinə mənfi təsir göstərən əsas amillərdən biridir".

Ekspert bildirib ki, bütün bu çətinliklərə baxmayaraq, müsbət məqamlar da mövcuddur. Onun sözlərinə görə, metropolitenin inkişafı ilə bağlı dövlət proqramı artıq təsdiqlənib və gələn ildən etibarən genişmiqyaslı tikinti-quraşdırma işlərinə başlanılacaq:

"Bu layihələr sərnişinlərin daha qısa müddətdə və rahat şəkildə daşınmasına imkan yaradacaq və ümumi nəqliyyat sisteminin effektivliyini artıracaq. Bakı şəhəri son illər sürətlə böyüsə də, metro şəbəkəsinin genişlənməsi bu artımla ayaqlaşa bilməyib. Məhz bu səbəbdən gələn il ərzində 10 yeni metro stansiyasının inşası planlaşdırılır. Bu stansiyalar istifadəyə verildikdən sonra hazırda gündəlik təxminən 640 min sərnişin daşınan metropolitenin potensialı 800 min, hətta 1 milyon sərnişinə qədər yüksələ bilər".

Ağamirzəyev vurğulayıb ki, 2030-cu ildən sonra Bakı şəhəri üzrə dairəvi dəmir yolu layihəsinin tamamlanması xüsusi əhəmiyyət daşıyır:

"Belə ki, yaşıl xəttin Zığ istiqamətindən sonra Həzi Aslanov, Günəşli, Bakıxanov, Koroğlu və Dərnəgül istiqamətlərini əhatə etməsi ilə dairəvi hərəkət təmin oluna bilər. Bu isə paytaxtın nəqliyyat yükünü xeyli azaldaraq metropolitenin səmərəliliyini daha da artıracaq".