QMİ-dən təcili xəbərdarlıq: Həcc üçün yerlər sürətlə tükənir
Sosial
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətinə getmək istəyən şəxslərə müraciət edib.
İdarədən News24.az-a verilən məlumatda Həcc ziyarətinə qeydiyyatın davam etdiyi xatırladılıb.
QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib ki, ildən-ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi Həcc ziyarəti üçün hazırlıq prosedurlarının daha erkən başlanması istiqamətində addımlar atır:
"Bu il nazirlik bütün Həcc missiyalarına ötən ziyarətdən qısa müddət sonra növbəti Həcc mövsümü üçün sənəd qəbuluna başlanması barədə göstəriş verib. Vizaların verilməsi prosesi də əvvəlki illərlə müqayisədə daha erkən başlayıb və Ramazan ayının sonunadək tamamlanacağı bildirilib. Həccə niyyət edən vətəndaşlarımızdan xahişimiz budur ki, vaxtın geniş olduğuna aldanmasınlar, yerlər bitmədən gəlib qeydiyyatdan keçsinlər".
Vüsal Cahangiri onu da əlavə edib ki, qeydiyyata erkən başlamağa rəğmən, hər gün vətəndaşlar Həcc üçün müraciət edirlər:
"Öncəki təcrübəmizə əsasən demək istəyirəm ki, mövsümün sonunda çox sayda vətəndaş Həccə getmək üçün müraciət edir, lakin həmin dövrdə artıq kvota dolduğu üçün onların ziyarətə getməsi mümkün olmur. Həccə niyyət edən zəvvarlara müraciətlərini gecikdirməməyi tövsiyə edirik".